Məhkəmə qərarları › İş №3(017)-68/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-68/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-68/2025 24.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclası katibi X1 və Ağcabədi rayon prokurorunun böyük köməkçisi İİ dərəcəli hüquqşünas X2 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş prokurorluğu cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Baş Prokurorluğun cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında 17 yanvar 2025-ci il tarixli qərarına əsasən hüquqi şəxs "Alsu Mall” MMC (VOEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmış və baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərara əsasən "Alsu Mall' MMC onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi-qanuni təmsilçisi X4 tərəfindən MMC-nin xeyrinə və onun maraqlanın qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərinin həyata keçirərkən Ağcabədi rayonu Boyat kəndi ərazisində dövlət mülkiyyətində olmaqla Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 157 nömrəli sərəncamı ilə sahibkarlıq məqsədi ilə X3 istifadəsinə verilmiş torpaq sahəsində yeni klinika binasının tikinti işlərinin aparılması ilə əlaqədar meşə fonduna daxil olmayan müxtəlif diametrli və cinsli 8 ədəd ağac və 12 ədəd kolun qanunsuz götürülməsi nəticəsində ümumilikdə 4380 manat ziyan vuraraq, Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlasdırma işləri aparılarkən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz məhv edilməsi inzibati xətasını törətdiyinə görə həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında Ağcabədi rayon prokurorunun böyük köməkçisi İİ dərəcəli hüquqşünas X5 "Alsu Mall' MMC barəsində Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş həddə inzibati tənbeh verilməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. "Alsu Mall' MMC-nin vəkili məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə hüquqi şəxsin vəkilinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, iş üzrə inzibati icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Baş prokurorluğu cinayət təqibindən kənar icraatlar idarəsinin qərarına əsasən meşə fonduna daxil olmayan müxtəlif diametrli və cinsli 8 ədəd ağac və 12 ədəd kolun qanunsuz götürülməsi Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 157 nömrəli sərəncamı ilə sahibkarlıq məqsədi ilə X3 istifadəsinə verilmiş torpaq sahəsində yeni klinika binasının tikinti işlərinin aparılması ilə əlaqədar baş vermişdir. Azərbaycan Respublikası İXM-nin 54.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda (hazırkı durumda isə prokurorun qərarında) inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Qanunun imperativ göstərişinə əsasən inzibati xətanın törədilmə vaxtı qərarda göstərilməli olduğu halda bu əks olunmamışdır. Lakin qərarın özündən də görünür ki, ehtimal olunan inzibati xəta məhz Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 157 nömrəli sərəncamı ilə aparılan tikinti işləri zamanı baş vermişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən ətraf mühitin qorunması qaydaları əleyhinə olan inzibati xətalara görə, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Bundan əlavə qərarda əks olunan və ehtimal olunan 8 ədəd ağac və 12 ədəd kolun məhz həmin əraziyə düşməsini təsdiq edən mötəbər sübutlar iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə qeyd edir ki, inzibati xətanın hadisəsinin mövcud olması ilə bağlı halların sübuta yetirilməsində şübhəli məqamlar inzibati icraat aparılan şəxsin xeyrinə şərh edilməlidir. Eyni zamanda inzibati xəta mövcud olması qəbul edilsə belə onun törədilmə anı prokurorluğun qərarına əks olunmasa da qərarda həmin ağac və kolların Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 157 nömrəli sərəncamı ilə tikinti işlərinin aparılması zamanı götürülməsi əks olunduğundan və tikinti işlərinin sərəncamın verilməsindən bir neçə il ərzində başa çatdığından inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi şübhə doğurmur. Təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimə olunması üçün yetərli sübut təqdim etməlidir (Barbera, Messegi və Cabardo İspaniyaya qarşı, § 77; Yanoseviç İsveçə qarşı, § 97). Sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur (Telfner Avstriyaya qarşı, § 15). Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 12ci maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İ və X hissələrinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın qeyd olunan normaları insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 16 noyabr tarixli Qərarı). Beləliklə, yuxarıda sadalanan qanunvericiliyin tələblərinə əsasən məhkəmə bu nəticəyə gəlir ki, inzibati xəta haqqında işə baxılan vaxt İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatmışdır. Eyni zamanda inzibati xəta hadisəsi sübuta yetirilməmişdir. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 39.2, 40, 43, 48-50, 53, 104, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta hadisəsi sübuta yetirilmədiyi və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar