Məhkəmə qərarları › İş №3(017)-680/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-680/2024

31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-680/2024 31.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1989-cu il tarixdə Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, orta təhsilli, Ağcabədi rayonunun Minəxorlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq m ü ə y y ə n e t d i m: Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, o, 29 oktyabr 2024-cü il tarixdə Ağcabədi rayon polis şöbəsinin inzibati binasında heç bir əsaslı səbəb olmadan nəlayiq ifadələr işlətməklə ictimai qaydanı və iş rejimini pozaraq polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır ki, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, 29 oktyabr 2024-cü il tarixdə Ağcabədi rayon polis şöbəsinə çağırıldığı üçün getmiş, polis şöbəsində ondan şikayət olduğu bildirilmiş, o, isə şikayət edən şəxsin şikayətinin əsassız olduğunu bildirmiş və həmin gündən polis şöbəsində saxlanılmışdır. O, polisin qanuni tələbinə heç bir maneə törətməmiş, heç bir səs küy salmamış və barəsində tərtib edilmiş protokolla razı deyildir. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 29 oktyabr 2024-cü il tarixdə saat 1840 radələrində inzibati qaydada tutlmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündə törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə yaxud özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Qanun normasından görünür ki, şəxsin əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün, həmin şəxs ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə yaxud özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməlidir (inzibati xəta tərkibinin obyektiv tərəfi). İş materialları ilə Şəxs tərəfindən ictimai qaydanın pozulması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 7 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiya və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli Qərarında xuliqanlıq hərəkətinin elementlərini təşkil edən ictimai qaydanın pozulması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli Plenum qərarında görünür ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Eyni zamanda qeyd olunur ki, ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Qanun normasından görünür ki, şəxsin əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamalıdır (inzibati xəta tərkibinin obyektiv tərəfi). Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. “Polis haqqında” Qanunda, İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında polis işçisinin “şəxsi polis şöbəsinə dəvət etmək” hüquqları nəzərdə tutulmamışdır. Ona görə də polis işçisinin “şəxsi polis şöbəsinə dəvət etmək” kimi tələbləri qanunda göstərilən tələb olmadığından İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün əsas ola bilməz. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Beləliklə, hesab edirəm ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün onun barəsində inzibati xəta işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 32, 40, 43, 48-53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar