Məhkəmə qərarları › İş №3(017)-711/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-711/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-711/2024 14.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1990-cı il tarixdə Ağcabədi rayonunun İmamqulubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağcabədi rayonunun İmamqulubəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağcabədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 14 noyabr 2024-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 18 dekabr 2013-cü il tarixli, 2(006)-3798/2013 saylı icra sənədinə əsasən ödənilməmiş qalan 13200 manat aliment pulunu Zərərçəkmiş şəxs ödəməkdən yayınaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 göstərdi ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 18 dekabr 2013-cü il tarixli, 2(006)- 3798/2013 saylı icra sənədinə əsasən Şəxs bir nəfər uşağın saxlanması üçün hər ay 100 manat alimenti Zərərçəkmiş şəxs ödəməlidir. Şəxs hazırda 13200 manat aliment borcu vardır. Şəxs onun qanuni tələblərini yerinə yetirmədiyindən və icra sənədi üzrə ödəniş etmədiyindən hazırki inzibati protokolla məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 18 dekabr 2013-cü il tarixli, 2(006)-3798/2013 saylı icra sənədinə əsasən Zərərçəkmiş şəxs hər ay bir nəfər uşağın saxlanması üçün 100 manat aliment ödəməlidir. Onun hazırda 13200 manat aliment borcu vardır. Maddi imkanı olmadığı üçün həmin pulu vaxtında ödəyə bilməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 18 dekabr 2013-cü il tarixli, 2(006)-3798/2013 saylı icra sənədinə əsasən Şəxs bir nəfər uşağın saxlanması üçün hər ay ona 100 manat aliment ödəməlidir. Hazırda Şəxs 13200 manat aliment borcu vardır və həmin pulu tələb edir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 18 dekabr 2013-cü il tarixli, 2(006)-3798/2013 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 14 noyabr 2024-cü il tarixdən saat 13:00 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar