Məhkəmə qərarları › İş №3(017)-76/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-76/2025

12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-76/2025 12.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Ağcabədi rayon polis şöbəsinin İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Ağcabədi rayonunun Üzeyirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Ağcabədi rayonunun Avşar kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Ağcabədi Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 16 fevral 2024-cü il tarixdə Ağcabədi şəhəri İ.Qayıbov küçəsində yerləşən evdə Zərərçəkmiş şəxs məxsus Samsung A21S markalı mobil telefonu sındıraraq Zərərçəkmiş şəxs 500 manat məbləğində maddi zərər vurmuşdur ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşı olub. 2024cü ilin əvvəllərində Fatma küsüb anası evinə getmişdir. Fatmaya 16 fevral 2024-cü il tarixdə zəng etmiş, Fatma cavab vermədiyi üçün Fatmanın yaşadığı evə getmiş, həmin vaxt Fatmadan telefona niyə cavab vermədiyini soruşmuş, sonuncu isə yaxşı etdiyini bildirmiş, bundan sonra əsəbiləşib telefonu Fatmanın əlindən alıb sındırmışdır. Törətdiyi əməldən peşmandır. Özünü təqsirli bilir. Bu hadisə təxminən bir əvvəl olmuşdur. Bu işlə əlaqədar ona hər hansı bir çağırış və ya bildiriş gəlməmişdir. Bir gün əvvəl onu polis şöbəsinə aparmışlar və barəsində inzibati protokol tərtib olunmuşdur. Ona görə də göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs onun keçmiş yoldaşı olub. Surxay xx.xx.2024-cü il tarixdə onun yaşadığı evə gələrək niyə ondan şikayət etdiyini bildirmiş, o isə onun əlindən təngə gəldiyini bildirmiş, bundan sonra Surxay ona məxsus telefonu əlindən alıb sındırmışdır. Ona həmin telefonu anası kreditlə alıb ona vermişdir. Hazırda Surxay ilə barışmamış, ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, Surxay barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Ağcabədi rayon polis şöbəsinin İTB-nin sahə rəisi X4 çıxış edərək bildirdi ki, 2023-cü ildən Ağcabədi rayon polis şöbəsində polis sahə rəisi işləyir. xx.xx.2024-cü il tarixdə Şəxs barəsində əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi üçün inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağcabədi rayon polis şöbəsinin İTB-nə göndərilmişdir. Həmin qərara əsasən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul etmiş, lakin tərəflərə heç bir rəsmi sənəd göndərməmişdir. Şifahi formada çağırışlar etmişdir. xx.xx.2024-cü il tarixdə Şəxs yeri müəyyən olmadığı üçün iş üzrə icraatın dayandırılması barədə qərar qəbul etmiş, sonra icra nümayəndəliyindən xəbər tutmuşdur ki, Şəxs Rusiya Federasiyasına getmişdir. xx.xx.2025-ci il tarixdə Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat təzələnərək onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi üçün inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağcabədi rayon polis şöbəsinin İTB-nə göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardaddan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib olunması üçün qəbul edilmiş qərarın surəti Ağcabədi rayon polis şöbəsinin İXM-nin 232-1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib olunanadək inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, barəsində iş üzrə icraat aparılan Şəxs olduğu yer müəyyən olunmadığından barəsində İXM-nin 104.1.1-ci maddəsinə əsasən onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, Şəxs olduğu yerin müəyyən edilərək barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib olunması məqsədilə inzibati icraat təzələnmişdir (Halbuki Şəxs barəsində İXM-nin 232-1-ci maddəsinə əsasən aparılan inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır). Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və Ağcabədi rayon polis şöbəsinin İTB-nin sahə rəisi X2 dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də Şəxs əməli İXM-nin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində də inzibati xəta haqqında iş üzrə müddət keçdiyi üçün icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. İş materiallarından görünür ki, inzibati xəta hadisəsi xx.xx.2024-cü il tarixdə baş vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi üçün inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağcabədi rayon polis şöbəsinin İTB-nə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib olunması üçün iş üzrə icraat başlanılmış, Şəxs olduğu yer müəyyən olunmadığından İXM-nin 104.1.1-ci maddəsinə əsasən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. İş materiallarından görünür ki, icraatın dayandırılması formal xarakter daşımış, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına lazımi qaydada məlumat verilməmiş, qanunla müəyyən edilmiş qaydada icraatın dayandırılması barədə qərarın surəti 48 saat ərzində müvafiq prokurora göndərilməmişdir. Bununla da İXM-nin 38.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə müddəti keçmişdir, yəni qanunla müəyyən edilmiş müddət keçdikdən sonra inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İXM-nin 38-ci maddəsində göstərildiyi kimi müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. İXM-nin 104.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarı qəbul edən səlahiyyətli vəzifəli şəxs 48 saat ərzində həmin qərarın surətini müvafiq prokurora göndərməlidir. Yuxarıda sadalanan qanunvericiliyə əsasən məhkəmə bu nəticəyə gəlir ki, inzibati xəta haqqında işə baxılan vaxt İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatmışdır. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 39.2, 40, 43, 48-50, 53, 104, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İnzibati xətanı törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar