Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-771/2024 29.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qəhrəmanova (Hacıyeva) Əfsanə Sübəhan qızının iştirakı ilə xx xxxxxx 1997-ci il tarixdə Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Ağcabədi şəhəri, Vaqif küçəsi, ev 24-də qeydiyyatda olan, Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində yaşayan, Qəhrəmanova (Hacıyeva) Əfsanə Sübəhan qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağcabədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 29 noyabr 2024-cü tarixli, MN ******* saylı protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Qəhrəmanova (Hacıyeva) X3 Rayon Məhkəməsinin 2(017)-765/2020 saylı, 17 avqust 2020-ci il tarixli icra sənədini könüllü icra etməkdən yayınmışdır. Məhkəmə iclasında Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 göstərdi ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-765/2020 saylı, 17 avqust 2020-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs 20 aprel 2018-ci ildə anadan olmuş X5 adlı uşağı ilə hər həftənin şənbə günü saat 14:00-dan 17:00-dək ünsiyyətdə olması hüququ təmin edilmişdir. 2023-cü ilin aprel ayında Qəhrəmanova (Hacıyeva) Əfsanə Sübəhan qızı icra sənədini icra etməmiş və bununla bağlı akt yazılmışdır. Bundan sonrakı dövrlərdə Qəhrəmanova (Hacıyeva) Əfsanə Sübəhan qızı uşağını Zərərçəkmiş şəxs ilə ünsiyyətdə olması üçün İcra Şöbəsinə gətirmiş, ilk əvvəl uşaq atası ilə görüşmək istəməmiş, daha sonra isə tələbkar İcra Şöbəsinə gəlməmişdir. Sonuncu dəfə, yəni təxminən bir həftə bundan əvvəl də Qəhrəmanova (Hacıyeva) Əfsanə Sübəhan qızı uşağı İcra Şöbəsinə gətirmiş, lakin tələbkar İcra Şöbəsinə gəlməmişdir. Zərərçəkmiş şəxs uşaqla ünsiyyəti hər həftənin şənbə günüdür, lakin şənbə günü iş günü olmadığından borclunu və tələbkarı şənbə günü İcra Şöbəsinə dəvət etməmişdir. Qəhrəmanova (Hacıyeva) X3 Rayon Məhkəməsinin 2(017)-765/2020 saylı, 17 avqust 2020-ci il tarixli icra sənədini könüllü icra etmədiyində hazırki inzibati protokolla məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qəhrəmanova (Hacıyeva) Əfsanə Sübəhan qızı izahatında göstərdi ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-765/2020 saylı, 17 avqust 2020-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs 20 aprel 2018-ci ildə anadan olmuş X5 adlı uşağı ilə hər həftənin şənbə günü saat 14:00-dan 17:00-dək ünsiyyətdə olması hüququ təmin edilmişdir. İcra sənədi üzrə üzərinə düşən vəzifələri yerinə yetirmiş, icra məmuru tərəfindən bütün çağrışlara gəlmiş, Zərərçəkmiş şəxs uşağı ilə ünsiyyətdə olmasına heç bir maneəçilik törətməmişdir. İcra məmuru tərəfindən şənbə günü İcra Şöbəsinə dəvət olunmamışdır və sonuncu dəfə, yəni təxminən bir həftə bundan əvvəl İcra Şöbəsinə dəvət olunmuş və uşağı ilə birlikdə İcra Şöbəsinə getmişdir. Lakin, Zərərçəkmiş şəxs İcra Şöbəsinə gəlməmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-765/2020 saylı, 17 avqust 2020-ci il tarixli icra sənədinə əsasən 20 aprel 2018-ci ildə anadan olmuş X5 adlı uşağı ilə hər həftənin şənbə günü saat 14:00-dan 17:00-dək ünsiyyətdə olması hüququ təmin edilmişdir. Lakin, 5 ildən artıqdır ki, Qəhrəmanova (Hacıyeva) Əfsanə Sübəhan qızı uşağın onunla ünsiyyətdə olmasına mane olmuş və uşağı onunla görüşdürməmişdir. Təxminən bir həftə bundan əvvəl, həftənin çərşənbə axşamı Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə çağırılmış, lakin onun barəsində tədbir görüləcəyindən ehtiyat edərək İcra Şöbəsinə getməmişdir. Onun uşaqla ünsiyyətdə olmaq üçün şənbə günü müəyyən edilsə də, icra məmuru tərəfindən həftənin şənbə günü İcra Şöbəsinə dəvət edilməmiş və bununla bağlı Ağcabədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən ona heç bir bildiriş göndərilməmişdir. Məhkəmədən Qəhrəmanova (Hacıyeva) Əfsanə Sübəhan qızına cəza verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Qəhrəmanova (Hacıyeva) Əfsanə Sübəhan qızının barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-765/2020 saylı, 17 avqust 2020-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs 20 aprel 2018-ci ildə anadan olmuş X5 adlı uşağı ilə hər həftənin şənbə günü saat 14:00dan 17:00-dək ünsiyyətdə olması hüququ təmin edilmişdir. iş üzrə borclu Qəhrəmanova (Hacıyeva) Əfsanə Sübəhan qızı icra sənədi üzrə üzərinə düşən vəzifələri yerinə yetirmiş, icra məmuru tərəfindən bütün çağrışlara gəlmiş, Zərərçəkmiş şəxs uşağı ilə ünsiyyətdə olmasına heç bir maneəçilik törətməmişdir. Bundan başqa, uşaqla ünsiyyət hər həftənin şənbə günü saat 14:00-dan 17:00-dək olmasına baxmayaraq tələbkar və borclu heç vaxt həftənin şənbə günü İcra Şöbəsinə dəvət olunmamışlar. Bu hal məhkəmə iclasında Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən verilmiş izahatla da öz təsdiqini tapmışdır. Belə olan halda yuxarıda qeyd olunan icra sənədinin icrası ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qəhrəmanova (Hacıyeva) Əfsanə Sübəhan qızının əməlində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü (inzibati məsuliyyətin əsasları) maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Göründüyü kimi insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə, yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qəhrəmanova (Hacıyeva) Əfsanə Sübəhan qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Qəhrəmanova (Hacıyeva) Əfsanə Sübəhan qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №3(017)-771/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-771/2024
29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver