Məhkəmə qərarları › İş №3(018)-1010/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-1010/2023

24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-1010/2023 24.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi və məhkəmə iclas katibi Qafarov Elvin Natiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş aparılan Şəxs Ağalı oğlunun iştirakı ilə xx.xx.1998-ci il tarixdə Lənkəran rayonu anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran rayonu Sütəmurdob kəndində yaşayan Şəxs Ağalı oğlu haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Ağalı oğlu 23 noyabr 2023-cü il tarixdə, saat 13:00 radələrində Astara şəhəri H.Əliyev küçəsində yerləşən Astara rayon polis şöbəsinin inzibati binasının qarşısında, küçədə ictimai qaydanın mühafizə vəzifələrini icra edən Astara rayon polis şöbəsinin əməkdaşları xidməti vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamışdır ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş idarəçilik qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə bağlı Şəxs Ağalı oğlu ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs Ağalı oğlu vermiş olduğu izahatında göstərdi ki, o, Lənkəran rayonu Sütəmurdob kəndində yaşayır. Barəsində aparılan araşdırma ilə əlaqədar 23 noyabr 2023-cü il tarixdə, saat 13:00 radələrində Astara rayon Polis şöbəsinin əməkdaşları tərəfindən şöbəyə dəvət edilmişdir. Polis şöbəsinə çağrılmağından bərk əsəbləşmiş və özündən asılı olmayraq, ucadan səsküy salmışdır. Həmin vaxtı orada olan polis əməkdaşları onu nizam-intizama dəvət etsələr buna məhəl qoymamış, hərəkətlərini davam etdirmişdir. Hal-hazırda əməlindən peşman olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Astara rayon polis şöbəsinin əməkdaşı X3 vermiş olduğu izahatında göstərdi ki, 23 noyabr 2023-cü il tarixdə, saat 13:00 radələrində Lənkəran rayonu Sütəmurdob kənd sakini Şəxs Ağalı oğlu polis şöbəsinə çağırılmasına etiraz edərək, polis şöbəsinin ictimai binasının qarşısında, uca səslə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə başlamış, polis şöbəsinin iş rejimini pozmuşdur. Onlar Şəxs Ağalı oğlu nizam-intizama dəvət etsələr də sonuncu buna məhəl qoymamış, onların qanuni tələblərinə tabe olmayaraq, qərəzli formada öz hərəkətlərini davam etdirmişdir. Ona görə də, barəsində qanunamüvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Astara rayon polis şöbəsinin əməkdaşı X1 da, şahid X2 vermiş olduğu izahatında göstərilənləri bir daha təsdiq etdi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ağalı oğlunun qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ağalı oğlunun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ağalı oğluna qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini, 23 noyabr 2023-cü il tarixdə, saat 13:00-dən bu inzibati iş üzrə həbsdə olmasını nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Ağalı oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs Ağalı oğlu barəsində olan inzibati həbsin müddəti 23 noyabr 2023-cü il tarixdə, saat 13:00-dən hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar