Məhkəmə qərarları › İş №3(018)-1047/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-1047/2024

06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-1047/2024 06.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Astara rayon, Sərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Astara rayon, Sərək kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Astara Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏNETDİM: Astara Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 05 dekabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs 05 dekabr 2024-cü il tarixdə, saat 16 radələrində barəsində daxil olan araşdırma ilə əlaqədar şöbəyə dəvət olunmuş Astara rayon, Sərək kənd sakini Şəxs Astara RPŞ-nin inzibati binasının önündə ictimai yerdə şöbəyə dəvət olunmasına etiraz edərək uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Həmin zaman polis əməkdaşları ona yaxınlaşıb etdiyi hərəkətin inzibati qayda pozuntusu olduğunu dəfələrlə izah etmələrinə baxmayaraq Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz əməllərinə davam etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, bir müddət əvvəl ailəsində olan problemlə əlaqədar DİN-nin 102 xidmətinə müraciət etmişdir. Daha sonra həmin məlumat araşdırılaraq barəsində inzibati tənbeh tədbiri görülmüşdür. Barəsində aparılan araşdırma materialından narazı qalaraq Astara Rayon Prokurorluğuna müraciət etmiş, daha sonra onu Astara RPŞ-ya dəvət etmişlər. 05 dekabr 2024-cü il tarixdə, saat 16 radələrində barəsində olan araşdırma ilə əlaqədar şöbəyə dəvət olunmuşdur. Şöbənin inzibati binasının önündə olduğu zaman əsəbləşərək uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Bu zaman polis əməkdaşları onu sakitləşdirməyə çalışmışlar, əsəbi olduğundan onların tələbinə məhəl qoymayaraq polis əməkdaşlarına kobudluq etmiş və tabesizlik göstərmişdir. Əməlindən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini, nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 117 saylı tutma protokoldan görünür ki, Şəxs 05 dekabr 2024-cü il tarixdə, saat 16:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan elektron çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bir uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik haqqında 04 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, Şəxs hər iki bud-çanaq oynağının anadangəlmə çıxığı diaqnozu vardır İİİ cü qrup əlillik dərəcəsi vardır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin izahatını, inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs polisin qanuni tələbinə tabe olmaması onun özünün səmimi etirafı və iş materialları əsasında tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar Məhkəmədə işə baxılarkən nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən peşman olması müəyyən edilmiş, ağırlaşdıran hallar isə müəyyən etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, İİİ qrup əlil olmasını, bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş – cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs cərimə tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar