Məhkəmə qərarları › İş №3(018)-1057/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-1057/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-1057/2024 10.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məhkəmə iclas katibi Həbibov Elnar Elman oğlunun katibliyi, Astara Rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Astara RPŞ-dən daxil olmuş materiala baxaraq, MÜƏYYƏNETDİM: Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən 27 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, X2 09 dekabr 2024-cü il tarixdə saat 17:00 radələrində barəsində daxil olmuş məlumat əsasında dəvət edildiyi Astara Rayon Polis Şöbəsinin inzibati binasında polisə dəvət olunmasına etirazını bildirərək uca səslə, nalayiq, ünvansız ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da, Şəxs xırda xuliqanlıq edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Astara rayonu, Siyəkü kəndində ailəsi ilə birlikdə yaşayır. Ailədaxili münasibətlərdən irəli gələrək araşdırma aparılması üçün Astara Rayon Polis Şöbəsinə dəvət olunmuşdur. Astara RPŞ-nin inzibati binasında polis şöbəsinə dəvət olunmasına etirazını bildirərək uca səslə nalayiq ifadələr işlətmişdir. Təqsirli olduğunu etiraf edərək əməlindən səmimi peşmançılığını bildirmiş, bir daha belə hallara yol verməyəcəyini, barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Astara RPŞ-nin İTB-nin sahə rəisi X2 tərtib olunmuş protokolu müdafiə edərək Şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Şəxs 09 dekabr 2024cü il tarixdə saat 17:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan elektron çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs evlidir, bir azyaşlı övladı vardır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin izahatını dinləyib, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs əməlindən səmimi peşman olması, himayəsində azyaşlı övladının olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmiş, Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edildiyi halda inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48,114,115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar