Məhkəmə qərarları › İş №3(018)-1062/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-1062/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-1062/2024 10.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məhkəmə iclas katibi Həbibov Elnar Bayram oğlunun katibliyi, Astara rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Astara rayonun, Maşxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Astara rayonun, Ərçivan qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Astara Rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 10 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Səmədov X5 rayon Məhkəməsinin 12 dekabr 2013-cü il tarixli, 2(002)-2540/2013 saylı qətnaməsinin və icra vərəqəsinin tələbinə əsasən 09 dekabr 2013cü il tarixdən başlayaraq 04 noyabr 2010-cu il təvəllüdlü X7 adlı uşağın saxlanılması üçün Şəxs qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında, Qaradağ rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(002)-1935/2021 saylı qətnaməsinin və icra vərəqəsinin tələbinə əsasən 03 iyun 2021-ci il tarixdən başlayaraq 04 noyabr 2010-cu il təvəllüdlü X7 adlı uşağın saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimenti uşağın anası X4 verilməli olduğu halda, həmin aliment pulunu ödəməmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilsə də, borclu Şəxs məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, müəyyən olunmuş müddətdə icra sənədini üzrsüz olaraq icra etməmişdir. Məhkəmə iclasında Astara rayon icra və probasiya şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Qaradağ rayon Məhkəməsinin icra sənədlərinə əsasən ondan ümumilikdə 10990 manat aliment borcu tutularaq tələbkarın xeyrinə ödənilməlidir. İcra məmurunun qərar və bildirişini aldığını, icra sənədini icra etməli olduğunu bildiyini, icra sənədini icra etmədiyi təqdirdə barəsində məsuliyyət tədbirləri tətbiq ediləcəyini bildiyini, bildiriş və xəbərdarlıqları aldığını, heç bir yerdə işləmədiyindən ödəniş edə bilmədiyini, hazırda aliment borcu üzrə 250 manat ödəniş edərək qəbzi icra məmuruna təqdim etdiyini, hər ay ödəniş edəcəyini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də, inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qaradağ rayon Məhkəməsinin 12 dekabr 2013-cü il tarixli, 2(002)-2540/2013 saylı qətnaməsinin və icra vərəqəsinin tələbinə və Qaradağ rayon Məhkəməsinin 01 iyul 2021ci il tarixli, 2(002)-1935/2021 saylı qətnaməsinin və icra vərəqəsinin tələbinə əsasən Şəxs ümumilikdə 10990 manat məbləğində borc tutularaq X2 xeyrinə ödənilməlidir. Şəxs tərəfindən Astara rayon icra və probasiya şöbəsinə verilmiş izahatın surətindən görünür ki, o icra sənədindən xəbərdar olduğunu, icra sənədlərinə əsasən hər ay ödəniş edəcəyini qeyd etmişdir. Şəxs tərəfindən təqdim edilmiş, MilliÖn elektron ödəmə sistemi vasitəsilə ödənilmiş xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, 250 manat məbləğində pul təkəbkar X2 hesabına ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Əksinə, icra sənədi üzrə ödəniş edərək məhkəməyə təqdim etmiş, hər ay ödəniş edəcəyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35- ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər.n Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs borcunu ödəməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar