Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-1072/2024 16.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Protokol tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Astara rayonun, Şahağacı kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Astara rayonun, Şahağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqından materialdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən barəsində olan araşdırma materialının icrası ilə əlaqədar şöbəyə dəvət olunmuş Astara rayonun, Şahağacı kənd sakini Şəxs polis şöbəsinə gəlməsinə etiraz edərək uca səslə nalayiq ifadələr işlətmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq etdiyi hərəkətin inzibati xəta olduğunu izah etmişlər. Buna baxmayaraq Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin sahə rəisi X2 tərəfindən 16 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 01 radələrində tanışları ilə birlikdə Astara şəhər ərazisində yerləşən kafedə yemək yedikdən sonra çölə çıxmış, daha sonra polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu polis şöbəsinə dəvət etmişlər. Bu zaman şöbəyə olunmasına etiraz edib uca səslə etiraz edərək nalayiq ifadələr işlətmişdir. Özünü təqsirli bilərək əməlindən peşman olduğunu və bir daha belə halın baş verməyəcəyini qeyd edərək həbslə əlaqədar olmayan tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Astara RPŞ-nin polis sahə rəisi X2 tərtib olunmuş protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 225 saylı tutma protokoldan görünür ki, Şəxs 16 dekabr 2024-cü il tarixdə, saat 01:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin səmimi etirafını, protokol tərtib edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə yüngülləşdirən halların olmasını, ağırlaşdırılan halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş–cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs cərimə tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-1072/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-1072/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver