Məhkəmə qərarları › İş №3(018)-109/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-109/2023

09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-109/2023 09.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X13 oğlunun katibliyi və inzibati xətanı törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Astara rayonu Seləkəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, orta məktəbdə hərbi müəllim işləyən, Astara rayonu Seləkəran kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 09 fevral 2023-cü il tarixdə, saat 11:00-da Astara rayon polis şöbəsinin inzibati binasında olarkən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, Astara rayon polis şöbəsinin Növbətçi hissəsinə 09 fevral 2023-cü il tarixdə HK-1 seriyalı 176 saylı məlumat daxil olmuşdur. Həmin məlumatda anonimliyinin qorunmasını xahiş edən şəxs Astara rayonu 5 saylı orta məktəbdə hərbi müəllimi işləyən Şəxs narkotik vasitə istifadə etməsi və mütəmadi olaraq dava salması barədə məlumat vermişdir. Buna görə də Şəxs Astara rayon polis şöbəsinə dəvət olunmuşdur. Həmin vaxt, yəni 09 fevral 2023-cü il tarixdə, saat 11:00-da Şəxs Astara rayon polis şöbəsinin inzibati binasında olarkən Astara rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi, polis kapitanı X3 qanuni tələblərinə tabe olmamış, Şəxs həmin məlumatla bağlı izahat verməsini və onun müayinə olunması üçün narkoloji müayinədən keçməsini bildirsə də, Şəxs digər polis əməkdaşlarının yanında polis kapitanı X4 uca səslə təhqir etmiş, heç bir yerə getməyəcəyini, onların başına oyun açacağını bildirərək, Astara rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi, polis kapitanı X3 uşaqlarının onun dərs dediyi məktəbdə oxumasını bildirərək, onu hədələmişdir Beləliklə də, Şəxs öz qanunsuz hərəktlərini davam etdirərək, eyni zamanda polis əməkdaşını hədələməklə, onların işinə maneçilik törətmiş, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş idarəçilik qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə bağlı Şəxs ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, Astara şəhər 5 saylı tam orta məktəbdə hərbi müəllim işləyir. 09 fevral 2023-cü il tarixdə məktəbdə olan zaman Astara rayon polis şöbəsinin İTB-nin sahə rəisi Vüqar Qaraşov polis əməkdaşları ilə birlikdə gəlmiş və onu polis şöbəsinə dəvət etmişlər. Vüqar Qaraşova nə məqsədlə polis şöbəsinə çağrılmasını soruşmuş, polis əməkdaşı da ona səbəbini polis şöbəsində deyəcəklərini bildirmişdir. Buna görə də polis əməkdaşlarına məktəbin direktorundan icazə alaraq polisə gedəcəyini demiş, məktəb direktoruna dedikdən sonra Astara rayon polis şöbəsinə getmişdir. Polis şöbəsinin inzibati binasında olarkən onu Astara rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi, polis kapitanı X3 yanına aparmışlar. Həmin vaxt Şahin Osmanov ona şöbəyə məlumat daxil olduğunu və həmin məlumatda onun narkotik vasitələrdən istifadə etdiyinin göstərildiyini bildirmişdir. Ömründə heç bir vaxt narkotik vasitlərdən istifadə etmədiyi və müəllim olduğu üçün bu məlumat ona çox pis təsir etmiş, demək olar ki, şoka düşmüşdür. Ona görə də həmin vaxt polis əməkdaşlarına narkoloji müayinənin artıq və əbəs oduğu bilirərək, heç bir yerə getməyəcəyini demişdir. Həmin vaxt Astara rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi, polis kapitanı X5 yaxşı niyyətlə onun uşaqlarının dərs dediyi məktəbdə oxumasını demişdir. Şahin Osmanovun məktəbli uşaqlarını hədələmək məqsədi ilə deməmişdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Astara rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi, polis baş leytenantı X10 bildirdi ki, Astara rayon polis şöbəsinin Növbətçi hissəsinə 09 fevral 2023-cü il tarixdə daxil olmuş məlumata əsasən Astara rayonu 5 saylı orta məktəbdə hərbi müəllimi işləyən Şəxs Astara rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi, polis kapitanı X3 tapşırığı ilə polis şöbəsinə gətirmək üçün polis əməkdaşları ilə birlikdə onun işlədiyi məktəbə getmişlər. Şəxs ilə görüşüb, özlərini təqdim etmiş və izahatının alınması üçün polis şöbəsinə dəvət etmişlər. Həmin vaxtdan başlayaraq Şəxs onlara qarşı aqressivlik nümayiş etdirmiş, lakin buna baxmayaraq çox sakit tərzdə, onunla mülayim danışaraq polis şöbəsinə getməsini bildirmişlər. Şəxs özünün onlarla deyil, marşrutla şöbəyə gedəcəyini bildirmişdir. Həmin gün, saat 11 radələrində Şəxs Astara rayon polis şöbəsinin inzibati binasında olarkən Astara rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi, polis kapitanı X7 ilə mübahisə etməyə başlamış, Şahin Osmanov onu dəfələrlə sakitçiliyə dəvət etsə də, onun qanuni tələblərinə tabe olmamışdır. Təkrarən, Şahin Osmanov tərəfindən Şəxs onun narkotik vasitələrdən istifadə etməsi ilə bağlı məlumatın olması, buna görə də izahat verməsini və onun müayinə olunması üçün narkoloji müayinədən keçməsini bildirilsə də, Cavid X2 uca səslə təhqir etmiş, heç bir yerə getməyəcəyini, onun başına oyun açacağını bildirmişdir. Bundan sonra Cavid X1 uşaqlarının onun dərs dediyi məktəbdə oxumasını bildirərək, onu uşaqları ilə hədələmiş və bu hədə bir-neçə dəfə təkrarlanmışdır. Buna görə də bu barədə şöbə rəhbərliyinə raportla məruzə olunmuş, onun qeyri-qanuni hərəkətləri sənədləşdirilmişdir. Məhkəmə iclası zamanı Astara rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi, polis kapitanı X7 bildirdi ki, 09 fevral 2023-cü il tarixdə Astara rayon polis şöbəsinin Növbətçi hissəsinə Astara rayonu 5 saylı orta məktəbdə hərbi müəllimi işləyən Şəxs narkotik vasitələrdən istifadə etməsi və adam döyməsi barədə rəsmi qaydada məlumat daxil olmuşdur. Buna görə də Astara rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi, polis baş leytenantı X8 həmin şəxsi izahtının verilməsi və lazım gələrsə narkoloji müayinədən keçməsi üçün polis şöbəsinə dəvət olunması tapşırığı vermişdir. Həmin gün, saat 11 radələrində Şəxs Astara rayon polis şöbəsinin inzibati binasına gəlmişdir. Həmin vaxt onunla müvafiq söhbətlər apararaq, Cavidə narkotik vasitə istifadə etməsi ilə bağlı məlumat daxil olduğunu üçün çağrıldığını bildirmişdir. Bu zaman Şəxs onunla mübahisə etməyə başlamış, səsə oraya digər polis əməkdaşları da gəlmişlər. Bundan sonra yenə də təmkinlə Şəxs sakitçiliyə dəvət etsə də, o daha da aqressivləşmiş və heç bir yerə getməyəcəyini, onun başına oyun açacağını bildirmişdir. Sonra Şəxs ona uşaqlarının onun dərs dediyi məktəbdə oxumasını bildirərək, ona uşaqlarının onun dərs dediyi məktəbdə oxumasını və bunu yaddan çıxarmamasını demiş və belə hədəni dörd dəfə təkrarlamışdır. Bundan sonra Şəxs hərəkətləri barədə şöbə rəhbərliyinə raportla məruzə olunmuş, onun qeyri-qanuni hərəkətləri sənədləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Astara rayon polis şöbəsinin əməkdaşları X9 və X6 da X3 vermiş olduğu izahatı bir daha təsdiq etdilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Astara rayon polis şöbəsinin Növbətçi hissəsinə daxil olmuş 09 fevral 2023-cü il tarixdə HK-1 seriyalı 176 saylı məlumatdan görünür ki, həmin məlumatda anonimliyinin qorunmasını xahiş edən şəxs Astara rayonu 5 saylı orta məktəbdə hərbi müəllimi işləyən Şəxs narkotik vasitə istifadə etməsi və mütəmadi olaraq dava salması barədə məlumat vermişdir. İş materiallarında olan Astara rayon polis şöbəsinin rəisinə ünvanlanmış raportun məzmunundan görünür ki, Şəxs Astara rayon polis şöbəsinin inzibati binasında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə şöbə rəhbərliyinə raportla müraciət olunmuşdur. Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən inzibati tənbeh inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, inzibati xəta hadisəsi Astara rayon polis şöəbsinin inzibati binasında baş vermiş, inzibati xətanı törədən şəxs Şəxs dəfələrlə ona edilən xəbərdarlıqlara məhəl qoymayaraq, polisin qanuni tələbinə, yəni polis əməkdaşlarının onu nizam-intizama dəvət etməsinə baxmayaraq öz hərəkətlərini davam etdirmiş, polis əməkdaşını uşaqlarının onun işlədiyi məktəbdə oxumaları ilə hədələmiş, nəticədə qısa müddətdə olsa da, polis şöbəsinin normal iş rejiminin pozulmasına gətirib çıxaran hərəkətlərə yol vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini qanuni hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs barəsində olan inzibati həbsin müddətinin əvvəli 09 fevral 2023-cü il tarixdən, saat 11:30-dan hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar