Məhkəmə qərarları › İş №3(018)-149/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-149/2025

21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-149/2025 21.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Protokol tərtib edən şəxs Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Rusiya Federasiyasında anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən 21 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 09 radələrində Astara şəhəri 2 saylı tam orta məktəbin inzibati binasında Şəxs Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, uca səs tonu ilə danışmışlar. Beləliklə, Şəxs xırda xuliqanlıq edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, ailəsi ilə birgə yasayır. X7 2019-cu il tarixdən Astara şəhəri 2 saylı tam orta məktəbində təhsil alır, hazırda 5-ci sinifdə oxuyur. Həmin məktəbdə tarix müəlliməsi kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs onun həyat yoldaşıyla arasında olan keçmiş məsəllərə görə Ayan Babazadə ilə yola getmir, onu yerli-yersiz danlayır. Onlar da uşağın valideynləri olaraq həyat yoldaşı ilə birlikdə məktəbə gedib Zərərçəkmiş şəxs ilə danışmaq istəmişlər. Məktəbin direktoru onlara demişdir ki, həmin müəllimə onu saymır, inunla danışmaq mümkün deyil, ancaq kobud dildən başa düşür, gedib onunla kobud danışın. Tənəffüs vaxtı yaxınlaşaraq onu danışmağa çağırmışlar, əvvəl sakitcə danışmışlar, daha sonra o qızı barədə qeyri-etik ifadə işlətmişdir. Bundan sonra aralarında söz mübahisəsi yaranmışdır. Mübahisə vaxtı yüksək səslə danışsalar da heç kim təhqiramiz ifadə işlətməmişdir. Məhkəmə iclasında Astara rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərtib olunmuş protokolun mahiyyəti üzrə ifadə verərək şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Astara şəhəri 2 saylı tam orta məktəbində müəllimə işləyir. xx.xx.2025-ci il tarixdə saat 08:45 radələrində 5 B sinifində dərsdə olduğu zaman şagirdi Ayan Babazadənin valideynləri tənəffüs çıxan zaman Şəxs və Elsura Babayeva onunla danışmağa gəlib, orada onunla mübahisə yaratmışlar. Onlar ona qarşı qeyri etik ifadələr işlətmişlər, ona hədə-qorxu gəlmişlər. Elm və Təhsil Nazirliyinin “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi” üzrə təlimata əsasən valideyn məktəmə daxil olunmasına icazə olarsa məktəbin idarə heyəti ilə məktəbdə hərəkət etməlidir. Buna baxmayaraq onların gəlməyindən xəbərdar olan direktor Nazim Məmmədov, dərs hissə müdiri Yaqut Ağayeva, təşkilatçı Nurana Dadaşova heç biri onların müşayət etməmiş və onun şagirdlərinin yanında şərəf və ləyaqətinin alçaldılmasına, şəxsin nufuzuna xələl gətirən hərəkətlərin edilməsinə şərait yaratmışlar. Hazırda Şəxs şikayətçidir, onun barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, polis şöbəsinin nümayəndəsinin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Şəxs özünü təqsirli bilməyərək təhqirə yol vermədiyinə münasibətdə isə məhkəmə bunu barəsində inzibati icraat aparılan şəxsin özünümüdafiəsi kimi qəbul edir. Belə ki, Şəxs əvvəlcə direktorun qəbulunda olduqlarını, direktorun onlara dediyi sözləri təkrarlamış və məhkəmə iclasında verdiyi həmin ifadə ilə etdiyi əməli qismən etiraf etmişdir. İş materiallarında olan 21 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs uca səs tonu ilə danışmışdır. İş materiallarında olan Astara RPŞ-nin məsul növbətçisi polis-leytenantı X6 RPŞ-nin rəisinə ünvanladığı Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:48 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən hadisə kodu ********** operator 1108 kompyuter vasitəsi ilə bildirmişdir ki, Zərərçəkmiş şəxs Bəhruz qızı 102 xidmətinə zəng edərək X3 və Şəxs Firuddin oğlunun onu təhqir etməsi, icazəsiz onu video görüntüyə alması barədə məlumat vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal, həmin Məcəllənin 33-cü maddəsinə əsasən isə məsuliyyəti ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən hal və məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edildiyi halda inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar