Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-17/2025 09.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Astara rayonu, Kakalos kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Astara rayon Kakalos kəndində qeydiyyatda olan və yaşayan Məhkəmə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı RETSİ tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 06 dekabr 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş, iş materialları 09 dekabr 2024-cü il tarixdə protokol ilə birlikdə qərar verilməsi üçün həmin İdarə tərəfindən Astara rayon Məhkəməsinə göndərilmiş, xx.xx.20240cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2024-cü il tarixdə 88182 nömrəli akt tərtib edilmiş və həmin aktda göstərilmişdir ki, Astara rayon Kakalos kəndi ərazisində 1 saylı RETSİ-nin əməkdaşları ilə birlikdə qanunsuz ova qarşı təşkil olunmuş reyd keçirilərkən Astara rayon Kakalos kəndi ərazisində çöl quşllarının ovu ilə məşğul olan bir şəxs müəyyən edilmişdir. Sorğu-sual zamanı Astara rayon Kakalos kənd sakini çöl quşlarının ovu ilə məşğul olduğunu bildirmişdir. Ona ov etdiyi ərazinin ovçuluq üçün nəzərdə tutulmadığına görə mövcud qanunvericiliyi pozduğu nəzərinə çatdırılmışdır.Ona görə də ov zamanı istifadə etdiyi ov silahı və patronlar ondan götürülmüşdür. Baxış zamanı silahın “MÇ-21-12” markalı, 12 kalibrli və 7516 nömrəli olduğu və patronların hamısı dolu olmaqla 25 ədəd olduğu müəyyən edilmişdir. Həmin şəxsin təqdim etdiyi şəxsiyyət vəsiqəsi əsasında Astara rayon Kakalos kənd sakini və orada yaşayan Şəxs olduğu müəyyən edilmişdir. Şəxs silahın ona məxsus olması barədə vəsiqə təqdim etmişdir.Həmin vəsiqəyə baxış zamanı silahın Şəxs məxsus olması barədə Astara Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli 1528 nömrəli şəhadətnamənin verildiyi məlum oldu.Mövcud qanunvericiliyə görə silah və patronlar vətəndaşın əmlakı olduğu üçün öznə qaytarılmış və bu barədə xx.xx.2024cü il tarixli Akt tərtib edilmişdir. X1 tərəfindən “Ovçuluq haqqında “Azərbaycan Respublikası qanunun tələbini pozduğu üçün barəsində protokol tərtib olunmuş və məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, Astara rayon Kakalos kəndində yaşayır. Həmin kəndin ərazisində icarəyə götürdüyü torpaqda çöl quşları saxlayır, onlara qulluq edir. Azərbaycan Respublikası Ovçular və Balıqçılar Cəmiyyətinin üzvüdür. xx.xx.2023-cü il tarixli 1528 nömrəli şəhadətnamə əsasında “MÇ-21-12” markalı, 12 kalibrli və 7516 nömrəli ov silahı ona məxsusdur. xx.xx.2024-cü il tarixində özünə məxsus sahədə gəzərkən İdarənin əməkdaşları ona yaxınlaşmış, silahı təqdim etməyini istəmişlər. Silahı və sənədləri təqdim etdikdən sonra silahı özünə qaytarmışlar. Silah ilə ərazidə nə ilə məşğul olduğunu soruşduqda isə bildirmişdir ki, ovçular cəmiyyətinin üzvüdür, silahı qanuni olaraq daşıyır, lakin ov etməyib, hər hansı ovçuluq qaydası tərəfindən pozulmayıb. Barəsində akt tərtib edildikdə isə aktı heç bir pozuntuya yol vermədiyinə görə imzalamaqdan imtina etmişdir. Barəsində protkol tərtib edilməyindən məlumatsız olmuş, yalnız məhkəmə çağrıldığı zaman məlumat almışdır. İnzibati xəta hadisəsi törətməyib, ov qaydalarını pozmayıb, məhkəmənin nəzərə almasını xahiş etmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə,lazımi sübutların məhkəməyə təqdim edilməsinin təklif edilməsinə baxmayaraq, protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına iştirak etməmiş, sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsaslanaraq, məhkəmə işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 06 dekabr 2024-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs qanunsuz olaraq çöl quşlarının ovu ilə məşğul olduğuna görə barəsində xx.xx.2024-cü il tarixli 88182 nömrəli akt, ərazidə çəkilmiş fotoşəkillər əsasında protokol tərtib edilmişdir. İş materiallarında olan, 06 dekabr 2024-cü il tarixli N 01333 nömrəli qərardaddan görünür ki, İXM-in 272.3-cü maddəsi ilə tərtib edilmiş 06 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin nəzərdən keçirilərək inzibati xəta haqqında işə baxılması qərara alınsa da, qərarda tarix və saat göstərilməmişdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli 88182 nömrəli aktdan görünür ki, Şəxs olan ov silahının “MÇ-21-12” markalı, 12 kalibrli və 7516 nömrəli olduğu və patronların hamısı dolu olmaqla 25 ədəd olduğu müəyyən edilmişdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, “MÇ-21-12” markalı, 12 kalibrli və 7516 nömrəli ov silahı Şəxs geri qaytarılmışdır. İş materiallarında olan, 03314 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Ovçular və Balıqçılar Cəmiyyətinin üzvüdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1528 nömrəli şəhadətnamənin surətindən görünür ki, “MÇ-21-12” markalı, 12 kalibrli və 7516 nömrəli ov silahı saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Astara rayon Polis Şöbəsi tərəfindən Şəxs verilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati icraat aparılan şxsin izahatını dinləyərək hesab edir ki, təqdim olunmuş sübutlarla inzibati xəta törətdiyi iddia olunan şəxsin təqsirliliyi sübuta yetirilmədiyinə, əməldə istinad olunan inzibati xəta tərkibi olmadığına görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə iclasında iş materiallarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı RETSİ tərəfindən aparılan icraat zamanı 06 dekabr 2024-cü il tarixli N 01333 nömrəli qərardad ilə İXM-in 272.3-cü maddəsi ilə tərtib edilmiş 06 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin nəzərdən keçirilərək inzibati xəta haqqında işə baxılması, Şəxs çağırılması qərara alınsa da, qərarda tarix və saat göstərilməmiş, həmçinin Şəxs araşdırma üçün çağırılmamışdır. Şəxs barəsində xx.xx.2024-cü il tarixli 88182 nömrəli akt və ərazidə çəkilmiş fotoşəkillər əsasında inzibati xəta törətməsi barədə inzibati xəta haqqında protkol tərtib edilsə də, iş materiallarına istinad olunan fotoşəkillər əlavə edilməmişdir. İstinad olunan xx.xx.2024-cü il tarixli 88182 nömrəli aktda isə ov silahının “MÇ-21-12” markalı, 12 kalibrli və 7516 nömrəli olduğu və patronların hamısının dolu olmaqla 25 ədəd olduğu müəyyən edildiyi qeyd edilmişdir. Beləliklə, təqdim edilən materiallarda Şəxs ov qaydalarını pozması və ya müntəzəm pozması halı əks etdirilməmiş, şəxsin inzibati xəta törəkməkdə təqsiri sübuta yetirilə bilməmişdir. Bu isə, Şəxs əməlində inzibati xəta tərkibinin olmadığına dəlalət edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində digər ov qaydalarının müntəzəm pozulması inzibati xəta kimi müəyyən olunmuşdur. Əməlin inzibati xəta olaraq müəyyən olunması üçün inzibati xəta tərkibinin 4 elementinin hamısı (obyekt, subyekt, obyektiv cəhət və subyektiv cəhət) olmalıdır. Hazırki iş üzrə inzibati xəta tərkibinin elementlərindən olan obyektiv cəhət (əməl – hərəkət və ya hərəkətsizlik, əməllə nəticəsi arasında səbəbli əlaqə və nəticə) və subyektiv cəhət (təqsir, motiv, məqsəd, motiv) yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş materiallarında hər-hansı bir sübut yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-17/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-17/2025
09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver