Məhkəmə qərarları › İş №3(018)-176/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-176/2025

07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-176/2025 07.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1980-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində müfəttiş işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Astara Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏNETDİM: Şəxs barəsində X1 İTB-nin sahə rəisi Anar Mahmudov tərəfindən 07 mart 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, 06 mart 2025-ci il tarixdə, saat 21 radələrində Astara RPŞ-nin əməkdaşları Astara şəhər ərazisində xidmətdə olduqları zaman Astara şəhər sakini Şəxs idarə etdiyi **-UA-*** dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobili ilə “Qardaşlar” marketin qarşısında təhlükəli hərəkətlər edərək qarşıdaki dairədən geri qayıtdığını və insanların sıx olduğu ərazidə avtomobilini sürətli idarə etdiyini görmüşlər. Hər hansı bir hadisənin baş verməsinin qarşısını almaq məqsədilə polis əməkdaşları Şəxs yaxınlaşaraq özlərini ona təqdim etdikdən sonra nə səbəbdən avtomobili təhlükəli idarə etdiyini soruşmuşlar. Bu zaman Şəxs aqressivlik nümayiş etdirərək “sizin məni saxlamaq hüququnuz yoxdur, sizə nə lazımdır” kimi sözlər işlətmişdir. Polis əməkdaşları Şəxs YPX əməkdaşlarını çağırdıqlarını bildirdikdə Şəxs “gedin işinizlə məşğul olun, yeyib-içməyə tələsirəm” deyərək aralaşıb getmək istəmişdir. Polis əməkdaşları tərəfindən Şəxs nizam intizama dəvət edilməsinə baxmayaraq o, polisin qanuni tələblərinə qəsdən əməl etməyərək öz əməllərinə davam etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir. ünvan 2 ünvanında yaşayır. Ailəlidir, 3 uşağı vardır. Halhazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində müfəttiş işləyir. 06 mart 2025-ci il tarixdə, saat 21 radələrində Astara şəhəri ərazisində özünə məxsus Mercedes markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olduğu zaman avtomobili yüksək sürətdə idarə etdiyi üçün Astara RPŞ-nin əməkdaşları onu saxlamışlar. Həmin vaxt işdən gec çıxdığı üçün yorğun olmuşdur. Əsəblərinə hakim ola bilməyib polis əməkdaşlarına qarşı aqressivlik göstərmişdir. Əməlindən peşman olduğunu, polis əməkdaşlarından üzr istədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 39 saylı tutma protokoldan görünür ki, Şəxs 06 mart 2025-ci il tarixdə, saat 21:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs ailəli olmaqla himayəsində 3 uşağı vardır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin izahatını, inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs polisin qanuni tələbinə tabe olmaması onun özünün səmimi etirafı və iş materialları əsasında tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar Məhkəmədə işə baxılarkən nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə yüngülləşdirən halların olmasını, ağırlaşdırılan halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş – cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs cərimə tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar