Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-18/2025 10.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Qərardan şikayət vermiş X7, Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətin Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, X7 inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətin Lənkəran-Astara regional şöbəsi tərəfindən "xxxx" MMC-nin direktoru barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN0020642 nömrəli inzibati cərimənin şərti olaraq şərti olaraq tətbiq edilməsi haqqında Qərarından Astara Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin keçmiş işçisi, Lerik şəhəri N.Nərmanov küç. ev 21 Ünvanında yaşayan X3 X14 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə ünvanladığı müraciəti ətraflı araşdırılmadan, sözügedən təşkilat tərəfindən "xxxx" MMC-nin direktoru (işəgötürəni) qismində onun barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərəzli və qanunsuz qərar tərtib olunmuşdur. Qərarda istinad olunan pozuntu "İşəgötürən tərəfindən X8 ilə bağlanmış əmək müqaviləsinə xitam verilən zaman AR Əmək Məcəlləsinin 73- cü maddəsiinin 1-ci hissəsinin və 76-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozması olmuşdur. Bildirir ki, T.Quliyev işə ehtiyacı olduğundan "xxxx" MMC-yə müraciət etmiş, xx.xx.2019-cu il tarixli ərizəsi nəzərə alınaraq, X6 elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru vəzifəsinə təyin olunmuş, MMC-nin 09 nömrəli, 16 iyun 2021-ci il tarixli Əmri ilə Stansiyanın maşinisti vəzifəsinə keçirilərək əmək fəaliyyətini davam etdirmişdir. Lakin, son vaxtlar T.Quliyev iş yerində sərxoş vəziyyətdə qeyri-etik hərəkətlərə yol vermiş, öhdəsinə düşən vəzifə funksiyalarını yerinə yetirməmiş, işə davamiyyət və nizam-intizam qaydalarını pozmuşdur. Əmək Məcəlləsinə uyğun olaraq da, işəgötürən tərəfindən əmək funksiyalarının kobud şəkildə pozulması hesab edilən hallar ardıcıl müəyyən olunmuşdur. Belə ki, işlədiyi müddət ərzində MMC-nin müvafiq Əmrləri ilə barəsində intizam tənbehləri (xx.xx.2023-cü il tarixdə çox miqdarda spirtli içki qəbul edib növbəyə çıxmadığı səbəbindən "töhmət", xx.xx.2023-cü il tarixdə sərxoş vəziyyətdə növbəyə gəldiyinə görə iş yerinə buraxılmadığı səbəbindən "sonuncu xəbərdarlıqla şiddətli töhmət" və xx.xx.2024-cü il tarixdə məsuliyyətsiz və kobud davranış, əssasız olaraq Lerik RİH-nin və Stansiya rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlətdiyinə, müəssisənin işinə və nüfuzuna xələl gətirdiyi səbəbindən "sonuncu xəbərdarlıqla şiddətli töhmət") verilmişdir. Qeyd olunanlarla yanaşı, hümanistlik göstərilərək sonuncu dəfə 14 iyun 2024-cü il tarixində T.Quliyevlə bağlanılmış əmək müqaviləsinin müddəti yenidən 3 ay müddətinə uzadılmış, iş yerində onunla profilaktik söhbətlər aparılsa da nəticə çıxarmayıb dövlət üçün strateji əhəmiyyətli olan Stansiyada iş ahəngini pozan davranışları davam etdirmiş, növbətçilik üzrə iş rejimi qaydalarına əməl etməmiş və vəzifəli şəxslərə qarşı qeyri-etik hərəkətlərə yol vermişdir. Həmçinin T.Ş.Quliyevin qeyri-qanuni hərəkətləri ilə əlaqədar olaraq, tərəfindən MMC-nin X2 təqdim edilmişdir və bu səbəbdən xx.xx.2024-cü il tarixde MMC-nin Həmkarlar Təşkilatının növbədənkənar iclası keçirilmişdir. İclasda çıxış edən kollektiv üzvləri T.Quliyevi qanunsuz əməllərinə görə qınamış və belə bir şəxsin dövlət strateji əhəmiyyətli müəssisədə işləməsinin mümkünsüzlüyünü bildirərək Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" ve "f" bəndlərinə əsasən əmək müqaviləsinə xitam verilməsi qərarını qəbul etmişlər. Bütün yuxarıda qeyd olunan səbəblərdən işəgötürənlə T.Quliyev arasında bağlanılmış əmək müqaviləsinin müddətinin yenidən uzadılması məqsədəuyğun hesab edilməmiş və onunla bağlanılmış əmək müqaviləsinə müddəti bitdiyinə görə xitam verilməsi qərara alınmışdır. Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə T.Quliyevin müddəti bitdiyinə əmək müqaviləsinə xitam veriləcəyi barədə kağız daşıyıcıda tərtib edilimiş xəbərdarlıq bildirişi müəssisə tərəfindən ona təqdim edilmiş, lakin bildirişi təhvil almaqdan imtina etdiyi üçün onun bu hərəkəti barəsində Akt tərtib edilmişdir. Yekunda Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə uyğun olaraq, 16 sentyabr 2024-cü il tarixdən X8 ilə bağlanılmış əmək müqaviləsinə müddəti bitdiyinə görə xitam verilmişdir. Qeyd olunanlarla bağlı X14 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən araşdırılma aparılan zaman müavafiq aidiyyəti sənədlər təqdim olunmuşdur. Lakin inzibati orqan işi hərtərəfli araşdırmadan qanunsuz və tam əsassız nəticəyə gəlmişdir. Ona görə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən "xxxx" MMC-nin direktoru barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN0020642 nömrəli inzibati cərimənin şərti olaraq şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X13 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, bildirmişdir ki, X9 təqdim etdikləri müqavilənin müddətinin üzadılmayacağı barədə xəbərdarlığı T.Quliyev qəbul etməkdən imtina etmiş, ona görə də bununla bağlı tərəflərindən akt tərtib edilmişdir. T.Quliyev əmək müqaviləsininmüddətinin uzadılmayacağı ilə bağlı məlumatlı olmuşdur, bu səbəbdən, göstərdiklərini nəzərə alaraq, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X4 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, X12 daxil olmuş şikayət üzrə araşdırma ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin direktoru X7 dörd inzibati xəta törətməsi aşkar olunmuş, T.Əhmədov barəsində isə ən ağır maddəsi ilə yəni İXM-in 192.6-cı maddəsi ilə protokol tərtib edilmişdir. İXM-in 73.1-ci maddəsində qeyd olunur ki, müddətli əmək müqaviləsinin bitməsinə bir həftə qalmış tərəflər yazılı şəkildə xəbərdarlıq edilməlidirlər, lakin, X13 heç bir xəbərlıq etmədən X8 ilə bağlanmış əmək müqaviləsinə xitam verir. Bununla da X13 İXM-in 73.1-ci maddəsinin tələblərini pozmuşdur. Törədilmiş inzibati xətaya görə min beş yüz manatdan iki min manatadək cərimə nəzərdə tutulur, lakin T.Əhmədov minimum məbləğdə cərimə edilmişdir. Şikayətin əsassız olduğunu, qərarın qanuni əsaslarla qəbul olunduğunu nəzərə alaraq, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətin Lənkəran-Astara regional şöbəsinin baş əmək müfəttişi tərəfindən tərtib olunmuş 28 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin direktoru X13 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddələri ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir; -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətin Lənkəran-Astara regional şöbəsinin 04 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, "xxxx" MMC-nin direktoru X13 28 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə 1500 manat məbləğində inzibati cərimə edilmişdir; -16 sentyabr 2022-ci il tarixli 020 nömrəli işçinin işə götürülməsi barədə əmək müqaviləsindən görünür ki, "xxxx" MMC-nin direktoru X13 ilə X8 arasında əmək müqaviləsi bağlanılmışdır. 20 iyun 2023-cü il tarixli, 53-İ/T nömrəli intizam tənbehinin verilməsi haqqında əmrdən görünür ki, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərinin icrasını kobud halda pozduğuna görə X5 “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. 02 sentyabr 2024-cü il tarixli, 83-İT nömrəli Əmək və xidmət intizamının gücləndirilməsi haqqında əmrdən görünür ki, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərinin icrasını kobud halda pozduğuna görə X5 “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. 07 aprel 2023-cü il tarixli Lerik ES-in rəisi X10 tərəfindən "xxxx" MMC-nin direktoru X9 ünvanlanmış məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixdə Lerik ES-in maşinisti X8 gecə növbəsinə gəlməmiş, telefonuna zəng çatmadığına görə evinə getmiş, küçədə qardaşı ilə rastlaşmış, qardaşı bildirmişdir ki, Tahir qonaqlıqda içib sərxoş olduğöu üçün yatır və növbəyə gəlməyəcədir. Bununla əlaqədar X8 haqqında tədbir görülməsini xahiş etmişdir. 12 sentyabr 2024-cü il tarixli, 20-X nömrəli Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, Lerik ES-in maşinisti ilə bağlanmış Əmək Müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 maddəsinin 2 hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarılması) 16 sentyabr 2024-cü il tarixindən xitam verilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, X13 tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir; bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Hazırkı halda məhkəmə hesab edir ki, vəzifəli şəxs X13 tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz vəzifəli şəxs X13 tərəfindən törədilmişdir. Belə ki, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilməsi əsasları, bunun üçün mühüm şərtlər qanunvericilikdə konkret olaraq müəyyən edildiyindən, ondan kənar hərəkətlər edilməsi, əmək müqaviləsinin müddətinin uzadılmaması barədə xəbərdarlığın alınmasından imtina edilməsi barədə akt tərtib edilməsi həmin tələblərin pozulması deməkdir. Belə ki, işəgötürən tərəfindən bu halda akt deyil də, kağız daşıyıcıda tərtib edilmiş xəbərdarlıq poçt vasitəsilə işçinin ünvanına göndərilməli və ya elektron informasiya sistemi vasitəsilə kabinetində yerləşdirilməli idi. Burada, xüsusilə nəzərə alınmalıdır ki, inzibati qaydada tənbeh edilmiş X7 özü törədilmiş inzibati xətanı etiraf edir, lakin onun irəli sürdüyü dəlillər işin icraatını istisna edən, inzibati tənbeh tətbiq olunmasına dair qərarın ləğvinə əsas verən hallar kimi qəbul edilə bilməz, bunun üçün hüquqi əsaslar yoxdur. Belə ki, şikayətçinin irəli sürdüyü dəlil kimi istinad etdiyi əmək müqaviləsinin müddətinin uzadılmaması barədə xəbərdarlığın alınmasından imtina edilməsi barədə akt inzibati icraatın gedişində də tərtib edilə bilərdi ki, bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-in 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görəvəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, X13 barəsində 1500 manat inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında çıxarılmış qərarla seçilən inzibati cərimə maddənin sanksiyası həddində olmaqla həmin vəzifəli şəxsin bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X7 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir, odur ki, X7 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN0020642 nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-18/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-18/2025
10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver