Məhkəmə qərarları › İş №3(018)-19/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-19/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-19/2025 06.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Protokol tərtib edən şəxs Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Astara rayonu, Toradi kəndində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Astara rayonu, Hamoşam kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən 06 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2025-ci il tarixində saat 09 radələrində Astara RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis, baş serjantı Həmid Həmidli ilə Astara RPŞnin DYP-nin YPX-nin inspektroru, polis baş serjantı X7 rayon Siyakü kənd ərazisində xidmətdə olarkən "Vaz 21214" markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün, habelə arxa sərnişində küstar üsulla hazırlanmış jalüz pərdələr və avtomobilin arxa qeydiyyat nişanının yararsız olması səbəbilə nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən saxlanılmışdır. Avtomobili saxladıqdan sonra sürücü adı sonradan onlara məlum olan Astara rayon Toradi kənd sakini X2 polis əməkdaşlarına tabesizlik göstərərkən onun qohumu olan Şəxs polis əməkdaşlarına yaxınlaşaraq onların xidmətinə mane olmağa və uca səslə nalayiq ifadələr işlədərək ətrafdakı insanların diqqətini cəlb etmək yönündə hərəkətlər etməyə başlamışdır. Həmin zaman ona etdiyi hərəkətlərin ictimai qayda pozuntusu olduğunu izah edərək sonuncunu nizam-intizama dəvət etmişlər. Bununla da, Şəxs xırda xuliqanlıq edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 09 radələrində Siyakü kəndində qohumu olan Teymur Haqverdiyevin avtomobilini DYP-nin əməkdaşlarının saxladığını görərək həmin yerə yaxınlaşmışdır. Həmin zaman onlar avtomobili duracağa yerləşdirmək istədikləri üçün buna etirazını bildirərək küçədə səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Təqsirli olduğunu etiraf edərək əməlindən səmimi peşmançılığını bildirmiş, bir daha belə hallara yol verməyəcəyini, barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərtib olunmuş protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X5 izahat verərək bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixində saat 09 radələrində Astara RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis, baş serjantı Həmid Həmidli ilə Astara rayon Siyakü kənd ərazisində xidmətdə olarkən "Vaz 21214" markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün, habelə arxa sərnişində küstar üsulla hazırlanmış jalüz pərdələr və avtomobilin arxa qeydiyyat nişanının yararsız olması səbəbilə nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən saxlanılmışdır. Avtomobili saxladıqdan sonra sürücü adı sonradan onlara məlum olan Astara rayon Toradi kənd sakini X2 onlara tabesizlik göstərərkən onun qohumu olan Şəxs polis əməkdaşlarına yaxınlaşaraq onların xidmətinə mane olmağa və uca səslə nalayiq ifadələr işlədərək ətrafdakı insanların diqqətini cəlb etmək yönündə hərəkətlər etməyə başlamışdır. Həmin zaman ona etdiyi hərəkətlərin ictimai qayda pozuntusu olduğunu izah edərək nizam-intizama dəvət etmişlər. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokol tərtib edən şəxsin, şahidin izahatını dinləyib, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə görə, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs əməlindən səmimi peşman olması, himayəsində azyaşlı övladının olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmiş, Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edildiyi halda inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar