Məhkəmə qərarları › İş №3(018)-196/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-196/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-196/2025 02.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Protokol tərtib edən şəxs Astara RPŞ-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Astara rayonunda anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən 02 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edimiş inzibati xəta haqqında 02 aprel 2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs 24 dekabr 2024-cü il tarixdə, saat 18:30 radələrində Zərərçəkmiş şəxs məxsus olan mağazanın şüşəsini sındırmaqla mağazaya ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, özünü Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilir. Belə ki, Astara rayonu, Şahağacı kəndində anadan olmuş və həmin kənddə tək yaşayır. xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində həmkəndlisi olan Azərin dönər bişirən mağazasına gedib özünə dönər sifariş vermiş, bu zaman ora 2 xanım yaxınlaşıb dönər sifariş vermişlər. Dönərçi ona hazırladığı dönəri ondan sonra gələn xanımlara verdiyi üçün əsəbləşib dönərçiyə nalayiq ifadələr işlətmişdir. Bu zaman Azər ona “rədd ol, bu dönər bıçağı ilə səni deşərəm” ifadəsini işlətmişdir. O da oradan çıxıb getmiş, təxminən 15 dəqiqə sonra qayıtmış, qayıdanda Azər orada olmamış, o nalayiq ifadələr işlədərək, dönər pişirən aparatın qarşısındakı şüşəni sındırmışdır. Göstərilənlərin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərtib olunmuş protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində həmkəndlisi Şəxs ona məxsus olan dönər bişirilən mağzasına hücum edərək, dönər bişirən aparatın qarşısındakı şüşəni sındırmaqla ona 86 manat miqdarında ziyan vurmuşdur. Hazırda Şəxs qarşı hər hansı bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 02 aprel 2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs 24 dekabr 2024-cü il tarixdə, saat 16:30 radələrində Zərərçəkmiş şəxs məxsus olan mağazanın şüşəsini sındırmaqla mağazaya ziyan vurmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 04 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Astara rayonu Şahağacı kəndində yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati icraat işinin açılmasından ötrü qəbul edilmiş qərarın surəti Astara RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasənu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, iş materialları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməklə yanaşı onun öz etirafedici izahatı ilə də həmin hal öz təsdiqini tapmışdır. Hazırki iş üzrə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxsnın barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlini etiraf edərək peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyası daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 86 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar