Məhkəmə qərarları › İş №3(018)-199/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-199/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-199/2025 11.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26632976 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26632976 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X5 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində EQ 26632976 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında 50 manat cərimə olunmuşdur. xx.xx.2025-ci il tarixində Astara şəhəri R.Məmmədov küçəsində saat 18:10-da nizamlanmayan piyada keçidində piyadaya yol vermədiyi üçün İXM-nin 330.0.1-ci maddəsinə əsasən cərimələnmişdir. TŞ kamerasının fotoşəklindən göründüyü kimi onun hərəkət istiqamətinin əksinə velosiped hərəkət edir. Yolin əks istiqaməti piyada keçid xəttinə qədər park edilmiş avtomobillərdən ibarətdir. TŞ kamerası yer səthindən 7 metr hündürlükdən foto fiksasiya etdiyi üçün şəkildə belə bir təsəvvür yaranır ki, o piyadanı görə-gör yol verməmişdir. Halbuki, onun görüntü bucağı TŞ kamerasından fərqli olaraq yer səthindən 0.90 sm olmuşdur. Beləliklə yolun sol tərəfində dayanmış avtomobillər onun piyadanı görməsinin kəskin qarşısını almışdır. Həmçinin, digər tərəfdən gələn velosiped qəza şəraiti yaratdığı üçün maksimum yolun sol hissəsinə keçmək məcburiyyətində qalmış və piyadanın dayandığını görüb maşını irəli sürmüşdür. Qeyd olunanala əsasən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında X5 şikayətdə göstərilənlərə uyğun izahat verərək xx.xx.2025-ci il tarixli qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti, şikayətçinin izahatını, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, xx.xx.2025-ci il tarixində Astara şəhəri R.Məmmədov küçəsində X2 Benz E270 CDİ Minik markalı 90TU844 dövlət qeydiyyat nişanlı avtomobili ilə nizamlanmayan piyada keçidində piyada keçidinə daxil olaraq piyadaya yol verilməməsinə görə İXM-in 330.0.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 50 manat cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati Xətalar Məcəlləsinin 330.0.1-cı maddəsinə əsasən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya sürücü tərəfindən yol verilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Həmin maddənin Qeyd hissəsində bildirilir ki, “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Məhkəmə iclasında təqdim edilmiş fotolara baxış keçirilmiş və müəyyən edilmişdir ki, piyada piyada keçidinin üzərində hərəkətdədir, Mercedes Benz E220 CDİ Minik markalı avtomobil isə piyada keçidinə daxil olur. Şikayətçi şikayətində göstərdiyi xüsusatları təsdiq edən dəlilləri məhkəmə iclasında təqdim edə bilməmişdir. Təqdim etdiyi fotoşəkildən isə piyadaya yol vermədiyi açıq-aşkar görünür. Buna görə də, X1 şikayətində göstərdiyi xüsusatlar onun özünü müdafiəsi və inzibati məsuliyyətdən yayınmaq kimi qiymətləndirilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Belə olan halda məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26632976 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26632976 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar