Məhkəmə qərarları › İş №3(018)-211/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-211/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-211/2025 01.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Qərardan şikayət vermiş X7 iştirakı ilə, X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti X3 MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh verilməsi haqqında qərarından verdiyi şikayətə Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətin X6 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli Qərarın ləğv edilməsi haqqında Astara Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DƏMX-nin X6 tərəfindən barəsində İXM-in 192.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN2121649 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. DƏMX-nin X6 tərəfindən İXM-in 192.4-cü maddəsi əsasında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərar qəbul edilmişdir. X13 işdən çıxması barədə ərizə ilə müraciət etmişdir. Tərəfindən xəstəxananın maliyyə şöbəsinin müdiri ilə daxili telefonla zəng edilərək işçiyə son haqq hesabın verilməsi üçün xəstəxananın hesabında pulun olub-olmamasının dəqiqləşdirilməsi tapşırığı verilmişdir. Maliyyə şöbəsinin müdiri onunla əlaqə saxlayaraq hesabda pul olduğunu, işçinin son haqq hesabının verilməsində hər hansı problemin olmadığını bildirmişdir. İşçinin ərizəsi əsasında işçini işdən azad etmişdir. Maliyyə texniki səhv edərək (riyazi hesablamalara yol verilən nöqsanlar) işçinin son haqq hesabında köçürməni az etmiş, sabahı günü isə yenidən hesablayaraq pul tam köçürülmüşdür. Əmək müfəttişliyi tərəfindən barəsində qərar qəbul edilməsi qanunsuzdur. Çünki İXM-nin 192.4-cü maddəsində qeyd edilib ki, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun puzuntusu hesab edilir. Yəni işçinin son haqq hesabının verilməməsindən söhbət gedə bilməz. Məhkəmə iclasında X10 şikayətin məzmununa uyğun izahat verib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti X3 barəsində inzibati qərar qəbul etmək səlahiyyətinin olmamasını, həmçinin işçinin işdən çıxarıldığı gün son haqq-hesabın ödənildiyini, lakin riyazi səhv nəticəsində tam ödənilmədiyini, səhərisi gün isə tam ödənildiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti X4 məlumat verilməsinə baxmayaraq şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə bildirməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti X3 MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh verilməsi haqqında qərarından verdiyi şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X18 Xidməti X3 rəisi X15 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq X8 əmək müqaviləsinə xitam verərkən onun son haqqhesabını işdən çıxdığı gün ödəmədiyindən, X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1250 (min iki yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Astara Rayon Mərkəzi X17 X20 müdiri X11 Astara Rayon Mərkəzi X17 Şəxsin direktoruna ünvanladığı xx.xx.2025-ci il tarixli izahatından görünür ki, X1 şöbəsinin müdiri Natiqə xanım zəng edərək bir işçinin xitam olacağı və onun son haqq-hesabın ödənilməsi üçün vəsaitin olması barədə məlumat istəmiş, o da bankda vəsaitin olduğu və ödəyəcəyi barədə məlumat vermişdir. Astara Rayon Mərkəzi X17 X21 müdiri X2 Astara Rayon Mərkəzi X17 Şəxsin direktoruna ünvanladığı xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə yolxucu xəstəliklər şöbəsinin həkim-infeksionisti X8 əmək müqaviləsinə AR ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək münasibətinə daxil olması ilə əlaqədar xitam verilmişdir. Xitam prosesi onun tərəfindən aparılmışdır. Xitam əmri hazırlanmamışdan öncə Maliyyə şöbəsinin müdiri ilə əlaqə saxlanılmış, büdcədə son haqq-hesabın aparılması üçün məbləğin olub-olmamsını soruşmuş, müsbət cavab aldıqdan sonra əmri işləmişdir. Əmr MESD sisteminə yüklənilib, elektron qaydada nömrə alınmışdır. Daha sonra ƏMAS alt sistemində həmin tarixdə işdən edilmişdir. Ödəniş sənədlərindən görünür ki, Astara Rayon Mərkəzi X17 Şəxs tərəfindən X9 xx.xx.2025-ci il tarixdə təyinatı son haqq-hesab olan 800 manat, xx.xx.2025-ci il tarixdə təyinatı son haqq-hesab olan 285.54, xx.xx.2025-ci il tarixdə təyinatı ezamiyyə olan 450 manat və xx.xx.2025-ci il tarixdə təyinatı ezamiyyə olan 962.5 manat ödəniş ödənilmişdir. Elektron poçtdan çıxarışdan görünür ki, İstiqbal Bağırov şikayətindən sonra ezamiyyət pulu, əmək haqqı, məzuniyyət pulunun tam ödənilməsi, şikayət və tələbinin olmamasını bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından bu halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Qeyd olunanlara əsasən isə, məhkəmə hesab edir ki, vəzifəli şəxs X10 tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz vəzifəli şəxs X10 tərəfindən törədilmişdir. Belə ki, əmək qanunvericiliyinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Son haqq-hesab dedikdə isə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr, həmçinin ezamiyyə xərcləri başa düşülür. İş materiallarından da görünüdüyü kimi, işçiyə son haqq-hesab işdən çıxdığı gün (sonuncu iş günü xx.xx.2025-ci il) ödənilsə də, tam ödənilməmiş, 06 fevral və 10 fevral 2025-ci il tarixlərində işçiyə təyinatı son haqq-hesab və ezamiyyə olan ödənişlər edilmişdir. Şikayət edən son haqq-hesabın ödənilməsinin işəgötürəndən asılı olmayan səbəblərdən riyazi hesablamalar nəticəsində nöqsanlara yol verilməklə ödənildiyini bildirsə də, edilən ödənişlərdə riyazi hesablama səhvi olması ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Sübut kimi təqdim edilən işçilərin izahatı və ödəniş sənədləri isə son haqq-hesabın aparılması üçün büdcədə vəsaitin olmasını, 6 fevral və 10 fevralda son haqq-hesab və ezamiyyə ödənişlərinin edildiyini təsdiq etmiş, riyazi hesablama səhvini əks etdirməmişdir. Əksinə, 6 fevral və 10 fevralda təyinatı ezamiyyə olaraq edilmiş ödənişlərin işəgötürən tərəfindən son haqq-hesabdan ayrılmaqla ödənilməsi ezamiyyə xərclərinin son haqq-hesab olaraq nəzərə alınmadığının, sonradan şikayət əsasında ödənildiyinin göstəricisi olaraq qəbul edilməlidir. Belə ki, şikayətçi, qanunun tələbini nəzərə almadan işçinin sonuncu iş günü tam ödənilməli olan son haqq-hesabını ayrı-ayrı vaxtlarda ödəmiş, sonradan işçinin şikayəti əsasında etdiyi ödənişlərə riyazi hesablama səhvi nəticəsində edilən ödənişlər görüntüsü verməklə əslində inzibati məsuliyyətdən yayınmağa cəhd etmişdir. Həmçinin, şikayət edən sözügedən sənədləri inzibati icraat zamanı təqdim etmədiyini, belə ki, qərar qəbul etmiş orqanı səlahiyyətli orqan hesab etmədiyini, bu səbəbdən inzibati icraatda iştirak etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə müqavafiq olaraq İXM-in 192-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalarla bağlı inzibati tənbeh verilmə haqqında qərar qəbul etmək səlahiyyəti X18 Xidmətinin vəzifəsidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti haqqında Əsasnamənin 3.1.10-cu bəndinə əsasən öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq X18 Xidmətinin vəzifəsi kimi müəyyən edilmişdir. Bu səbəbdən mübahisələndirilən qərarın X18 tərəfindən qəbul edilməsində qanun pozuntusuna yol verilməmişdir. Burada, xüsusilə nəzərə alınmalıdır ki, inzibati qaydada tənbeh edilmiş X5 haqq hesabın bir hissəsinin sonuncu iş günü, qalan hissəsinin sonrakı günlərdə edildiyini etiraf edir, lakin onun irəli sürdüyü dəlillər işin icraatını istisna edən, inzibati tənbeh tətbiq olunmasına dair qərarın ləğvinə əsas verən hallar kimi qəbul edilə bilməz, bunun üçün hüquqi əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, X10 barəsində 1250 manat inzibati cərimə maddənin sanksiyası həddində olmaqla həmin vəzifəli şəxsin bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X7 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir, Odur ki, X7 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti X3 MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar