Məhkəmə qərarları › İş №3(018)-214/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-214/2023

03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-214/2023 03.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 1987-cı il tarixdə Astara rayonu, Pensər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Astara rayonu, Pensər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Astara rayon Polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 10 dekabr 2022-ci il tarixdə, saat 10:00 radələrində Astara rayonu, Siyəkü kəndində keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu qəsdən döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş sağlamlıq əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 03 mart 2023-cü il tarixli, MN 155735 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan şəxs Şəxs vermiş olduğu izahatında göstərdi ki, Astara rayonu, Pensər kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. Aralarındakı qərəzli münasibətlərə görə ayrılmışlar. Məhkəmənin qərarına əsasən onun birgə nikahdan olan uşağı ilə ünsüyyətdə olmaq hüququ vardır. 10 dekabr 2022-ci il tarixdə, saat 10:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı evə gedərək, uşağı ilə görüşmək istəmişdir. Bu vaxt Zərərçəkmiş şəxs ona maneə olduğundan aralarında mübahisə baş vermişdir. Lakin o, Zərərçəkmiş şəxs döyməmişdir. Bu tamamilə yalandır. Bu sonuncu tərəfindən ona atılan böhtandır. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs vermiş olduğu izahatında göstərdi ki, Astara rayonu, Siyəkü kəndində ailəsi ilə birlikdə yaşayır. Şəxs onun keçmiş əridir. Şəxs 10 dekabr 2022-ci il tarixdə, saat 10:00 radələrində onun yaşadığı evə gələrək birgə nikahdan olan uşağı ilə görüşmək istəmişdir. Birgə nikahdan olan uşaları onunla görüşmək istəməmiş və buna görə aralarında mübahisə baş vermişdir. Həmin vaxtı Şəxs yumruqla onun sol çiyin nahiyəsinə vurmaqla, ona xəsarət yetirmişdir. Ona görə də Şəxs ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid X1 da əsasən Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Lənkəran rayonlararası MTE və PA şöbəsi tərəfindən verilmiş 12 dekabr 2022-ci il tarixli, 437 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol kürək nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər. Hadisədən 2-3 gün əvvələ uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, onun zərəçəkmiş şəxslə barışmağa cəhd etməməsini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 03 mart 2023-cü il tarixdən, saat 12:45-dən hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar