Məhkəmə qərarları › İş №3(018)-214/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-214/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-214/2025 08.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, Protokol tərtib edən şəxs X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1983-cü ildə Astara rayon, Şüvi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Astara rayon, Şüvi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında materialda göstərilmişdir ki, 07 aprel 2025-ci il tarixdə, saat 12 radələrində Astara RPŞ-nin əməkdaşları xidmətdə olduqları zaman barəsində olan araşdırma ilə əlaqədar şöbəyə dəvət olunmuş Astara rayon, Şüvi kənd sakini Şəxs Astara RPŞ-nin önündə ucadan səs-küy salaraq polis şöbəsinə dəvət olunmasına etraz etdiyini görmüşlər. Həmin zaman polis əməkdaşlarının ona etdiyi hərəkətlərin inzibati xəta olduğunu dəfələrlə izah etmələrinə baxmayaraq sonuncu polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan başqa Şəxs narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında tibbi-müayinədən keçirilmiş, Şəxs narkotik sərxoşluq faktı müəyyən edilərək metamfetamin istehlak etməsi aşkar edilmişdir. Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin sahə rəisi X2 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli və İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* saylı protokollar tərtib edilmiş və baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməlləri səmimi olaraq etiraf edərək bildirmişdir ki, 07 aprel 2025-ci il tarixdə, saat 12 radələrində barəsində olan araşdırma ilə əlaqədar Astara RPŞ-ya dəvət edilmiş, içkili olduğundan şöbəyə dəvət olunmasına etiraz edərək polisin tələblərinə tabe olmamışdır. Bundan başqa ara bir psixotrop maddə olan metamfetamindən istifadə edir. Özünü təqsirli bilərək əməlindən peşman olduğunu, bir daha bu hallara yol verməyəcəyini qeyd edərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 07 aprel 2025-ci il tarixli 87 nömrəli aktdan görünür ki, müayinə nəticəsində Şəxs sidiyində MET (metamfetamin) aşkar olmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 07 aprel 2025-ci il tarixdə saat 12:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan elektron çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində 03 uşağı vardır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunsuz olaraq narkotik vasitəni istehlak etməsi və polisin qanuni tələblərinə qəsdən tabe olmaması onun səmimi etirafı və iş materialları əsasında tam sübuta yetirilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının qanununun 1.0.14-cü maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Bünyadov X3 Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin xətalardan daha ciddi xətanın sanksiyası həddində, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hallardan hesab edilir. Məhkəmə Şəxs təqsirini səmimi etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədi. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbehin növünü müəyyən edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri - həbs inzibati tənbeh tədbirinin tətbiq etməklə cəzanın məqsədlərinə nail olmaq olar. İnzibati həbs tənbeh tədbirinin əvvəli Şəxs inzibati qaydada tutulduğu 07 aprel 2025-ci il saat 12:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 07 aprel 2025-ci il saat 12:00-dan hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar