Məhkəmə qərarları › İş №3(018)-234/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-234/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-234/2025 08.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Şikayət edən şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinə əsasən cərimə olunmuşdur. Cərimə olunmağının əsası olaraq xx.xx.2025-ci il tarixdə Astara şəhəri ərazisində guya 1 ədəd çöl qoşunun ovlanması olmuşdur. Halbuki o heç bir çöl quşu ovlamamışdır. Həmin gün ona məxsus olan 1 ədəd tir tüfəngini təmir etmək üçün əl arabası ilə ustaya aparmaq istəyəndə Astara rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu Polis şöbəsinə gəlməyini bildirmişlər. O da nə səbəbə onu şöbəyə apardıqlarını soruşanda ona qanunsuz ovla məşğul olduğuna görə ona bildirmişlər. Astara Polis şöbəsində guya qanunsuz çöl quşu ovladığına görə onun barəsində xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati protokol tərtib edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Ona xx.xx.2025-ci il tarixli CBM/4025-158 saylı bildiriş göndərilərək qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11:30-da iştirakı ilə araşdırma aparılaraq inzibati qərar çıxarılacaqdır. Göstərilən vaxtda o sözügedən İdarədə olmuş, lakin, ona bildirmişlər ki, artıq qərar qəbul etmişlər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin işçiləri heç bir əsas olmadan xx.xx.2025-ci il tarixdə guya qanunsuz çöl quşu ovladığı üçün barəsində protokol tərtib etmişlər. Həmin protokol əsasında onun adına qərarla cərimə yazmışlar. Yazılmış protokol və qərar kökündən səhvdir. İstər protokol, istərsə də qərar otaq şəraitində yazılmışdır. İdarənin işçilərinin əlində onun həqiqətən hansı çöl quşunun ovlamağı barədə heç bir mötəbər sübut yoxdur. Bir daha qeyd etmək istəyir ki, o sözügedən inzibati xətanı törətməmişdir. Heç bir çöl quşunu ovlamamışdır. Nazirliyin əməkdaşları heç bir əsas olmadan, heç bir maddi sübut olmadan barəsində cərimə qərarı tərtib edərək onu cərimələmişlər. Belə hesab edir ki, həmin qərar ləğv edilməlidir. Belə ki, qəbul edilmiş qərar qanuna, ədalət və humanizm prinsiplərinə ziddir. Məhkəmə iclasında X2 şikayətin məzmununa uyğun izahat verib, məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan görünür ki, X2 İXM-nin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Astara şəhəri ərazisində 1 ədəd çöl quşunu qanunsuz ovlamış, izahatına əməlindən peşman olduğu qeyd edilmiş, protokol tərəfindən imzalanmışdır. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından bu halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Qeyd olunanlara əsasən isə, məhkəmə hesab edir ki, X2 tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz X2 tərəfindən törədilmişdir. X2 şikayətində göstərilən xüsusatları isə məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXMnin 272-1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar