Məhkəmə qərarları › İş №3(018)-252/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-252/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-252/2023 29.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə Azərbaycan Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : EP N ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara Dəmiryolu” gömrük postundan daxil olmuş xx.xx.2023-cü il tarixli 34/024/000337 saylı raportun icrası ilə əlaqədar tərəfimdən araşdırma aparılaraq müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasından Türkiyə Respublikasına “Yalama dəmiryolu” gömrük postundan tranzit giriş etməklə daxil olan “61410361” nömrəli vaqonla aparılan, yol nəqliyyat sənədlərinə əsasən 78 (yetmiş səkkiz) ver sayından ibarət olmaqla ümumilikdə 52700 (əlli iki min yeddi yüz) kq “sink oksidi” yükü xx.xx.2023-cü il tarixdə “Astara dəmiryolu” gömrük postundan keçməklə tranzit çıxış etmişdir. xx.xx.2023-cü il tarixdə isə eyni vaqon “Astara dəmiryolu” gömrük postundan ölkə ərazisinə giriş etmişdir. Qeyd olunan vaqon yol-nəqliyyat sənədlərinə əsasən bos olaraq bəyan edilsə də, həmin vaqona gömrük nəzarəti həyata keçirilərkən faktiki olaraq içərisində 21 (iyirmi bir) yer sayından ibarət üzərində heç bir marka və qeyd olmayan “biq baq” lərdə hər birinin təqribi çəkisi 650 (altı yüz əlli) kq olmaqla, ümumi təqribi çəkisi 13650 (on üç min altı yüz əlli) kq olan, naməlum tərkibli, pas rəngli, xaraktercə torpaq sıxlığında olan maddə aşkar edilərək götürülmüşdür. Baş vermiş gömrük qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinə lazımi qaydada məlumat verilsə də, Azərbaycan Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddəsinə əsasən işə Azərbaycan Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qəhvəyi rəngli toz şəkili naməlum maddənin üzərində markalanma göstəriciləri və təyinatı (hansı məqsədlər üçün hazırlandığı bilinmədiyi üçün) məlum olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 № qərarında qeyd olunur ki, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasını gömrük sərhəddindən keçirilən malların və digər əşyaların dəyəri müəyyən edilərkən onların dövlət tərəfindən tənzimlənən qiymətləri, bu qiymətlər olmadıqda isəəməlin törədildiyi vaxt faktiki (bazar) qiymətləri əsas götürülməlidir. Xarici ölkədən Azərbaycana gətirilən malların və digər əşyaların dəyəri təqdim olunmuş qaimə-fakturalara və digər sənədlərə müvafiq olaraq onların həmin ölkədə alındığı qiymətlər əsasında müəyyən edilir. İş materialında olan 238-M.T.R nömrəli xx.xx.2022-ci il tarixli invoisdn görünür ki,”sink oksid”in bir tonunun qiyməti 85 ABŞ dolları kimi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta barədə tənbeh edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinin tələblərinə uyğun olaraq, hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. İş materiallarından müəyyən edildi ki, 21 (iyirmi bir) yer sayından ibarət üzərində heç bir marka və qeyd olmayan “biq baq” lərdə hər birinin təqribi çəkisi 650 (altı yüz əlli) kq. olmaqla, ümumi təqribi çəkisi 13650 (on üç min altı yüz əlli) kq. maddənin xx.xx.2023-cü il tarixdə tranzit gömrük proseduru altında Azərbaycan Respublikasından İran İslam Respublikasına aparılan “sink oksidi” yükünün qalığı olduğu və həmin “sink oksidi” yükünün bir tonunun qiyməti 238-M.T.R nömrəli xx.xx.2022-ci il tarixli invoisə əsasən 85 ABŞ dolları, yəni 144 manat 50 qəpik, ümumi çəkisi 13650 kq. olan “sink oksidi” yükünün qiyməti 1972 manat 42 qəpik təşkil edir. Şərh edilənləri, iş sənədlərini tam, hərtərəfli və obyektiv araşdıraraq, törədilmiş inzibati xətanı və inzibati xəta törətmiş "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan əşyanın dəyərinin 50 faizi məbləğində cərimə olunmasını qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130 və 482.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinib, inzibati xətanın predmeti olan X4 anbarında saxlanılan 21 (iyirmi bir) yer sayından ibarət, “biq baq” lərdə hər birinin çəkisi 650 (altı yüz əlli) kq. olmaqla, ümumi çəkisi 13650 (on üç min altı yüz əlli) kq. “sink oksidi”nin dəyəri olan 1972 (bir min doqquz yetmiş iki) manat 42 qəpik məbləğin 50 (əlli) faizi məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar