Məhkəmə qərarları › İş №3(018)-257/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-257/2024

03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-257/2024 03.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X2 oğlunun katibliyi və tərcüməçi X1 iştirakı ilə, 09 noyabr 1981-ci ildə Rusiya Federasiyasının Stavropol diyarının Stepnoy Mayak qəsəbəsində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, Rusiya Federasiyasının, Dağıstan Respublikası, Karabudakkənd rayonu, Qubden kəndində yaşayan - Şəxs Maqomedeminoviç haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Rusiya Federasiyasının vətəndaşı Şəxs Maqomedeminoviç idarə etdiyi “Volvo” markalı “H270CH05/AP090405” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə “129854” saylı CMR-ə və “826” nömrəli İnvoysa əsasən Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kivi” yükü apararkən xx.xx.2023-cü il tarixdə, saat təqribən 03 radələrində Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və onunla şifahi şəkildə sorğu-sual aparılmış, daha sonra nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunun aşağı, sağ tərəfində yerləşən ehtiyyat hissələrivə digər əşyaların qoyulması üçün nəzərdə tutulmuş dəmir yeşikdə üzərində “Sonnati Damdaran” yazısı olan 1 (bir) ədəd plastmas qablaşmada ümumilikdə 420 (dörd yüz iyirmi) ədəd müxtəlif ölçülərdə, üzərində müxtəlif təsvirlər və yazılar əks olunmuş metal sikkələr , həmçinin 1 (bir) ədəd yumru qapaq formasında, üzərində naxışlar əks olunmuş metal əşya aşkar edilmişdir. Bununla da Şəxs Maqomedeminoviç Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş gömrük qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs Maqomedeminoviç izahatında göstərdi ki, Rusiya Federasiyasının, Dağıstan Respublikası, Karabudakkənd rayonu, Qubden kəndində yaşayır. Sürücü işləməklə ailəsini dolandırır. Aşkar edilərək götürülmüş qədim sikkələri Rusiya Federasiyasının özü üçün yaratdığı sikkələrdən ibarət kolleksiyasına əlavə etmək üçün gətirmişdir. Odur ki, sözügedən sikkələrin müsadirə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Maqomedeminoviç qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Maqomedeminoviçin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Maqomedeminoviçə qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan əşyaların müsadirə edilməsini tətbiq edilən tənbehin islah təsiri baxımından yetərli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Rusiya Federasiyasının vətəndaşı Şəxs Maqomedeminoviç Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinib, inzibati xətanın predmeti olan Dövlət Gömrük Komitəsinin Xəzinəsində saxlanılan 420 (dörd yüz iyirmi) ədəd müxtəlif ölçülərdə, üzərində müxtəlif təsvirlər və yazılar əks olunmuş metal sikkələr , həmçinin 1 (bir) ədəd yumru qapaq formasında, üzərində naxışlar əks olunmuş metal əşya dövlət nəfinə müsadirə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar