Məhkəmə qərarları › İş №3(018)-281/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-281/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-281/2023 28.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1958-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Astara şəhəri H.Əliyev pr-ti ev 47də qeydiyyatda olmaqla orada yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Astara rayon Polis şöbəsin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş 28 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan məlum olur ki, Şəxs 09 mart 2023-cü il tarixdə saat 16:00 radələrində Astara şəhəri H.Əliyev prospektində bacısı Zərərçəkmiş şəxs döymüşdür. Bu səbəbdəndə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilərək, baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək, verdiyi izahatında göstərdi ki, o, Astara şəhəri H.Əliyev prospekti ev 47-də yaşayır. Zərərçəkmiş şəxs onun bacısıdır. Son vaxtlar aralarında qərəzli münasibət yaranmışdır. 09 mart 2023-cü il tarixdə saat 16:00 radələrində Astara şəhəri H.Əliyev prospektindəki yaşadıqları evin həyətində Zərərçəkmiş şəxs paltar sərmək üçün olan ipi onların həyətinə gedən elektrik xəttinə dəymişdir. Buna görə də Zərərçəkmiş şəxs onların üzərinə hucum çəkmişdir. Ancaq o, həmin vaxtı Zərərçəkmiş şəxs vurmamışdır. Məhkəmə iclası zamanı dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Şəxs onun bacısıdır. 09 mart 2023-cü il tarixdə saat 16:00 radələrində Astara şəhəri H.Əliyev prospektindəki yaşadıqları evin həyətində onun həyətidə paltar sərmək üçün olan ipi Şəxs həyətinə gedən elektrik xəttinə dəymişdir. Bu səbəbdən də aralrında mübahisə baş vermişdir. Həmin vaxtı Şəxs onun ünvanına nalayiq söyüşlər söyərək onu döymüşdür. Məhkəmə iclası zamanı dindirilən şahid X2 göstərdi ki, o, fəhləliklə məşğul olmaqla ailəsini dolandırır və Şəxs tanıyır. 09 mart 2023-cü il tarixdə saat 16:00 radələrində Astara şəhəri H.Əliyev prospektindəki Şəxs xahişi ilə onların yaşadıqları evin həyətində ağacları budamışdır. Həmin vaxtı Zərərçəkmiş şəxs ilə Şəxs arasında mübahisə baş vermişdir. Ancaq Şəxs həmin vaxtı Zərərçəkmiş şəxs vurmamış, itələməmiş və ya döyməmişdir. Sonra Zərərçəkmiş şəxs özü-özünə xəsarət yetirməsini görmüşdür. Məhkəmə iclası zamanı dindirilən şahid X1 da şahid X2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyərək, hesab edir ki, təqdim olunmuş sübutlarla istinad olunan inzibati xəta hadisəsinin baş verdiyi sübuta yetirilmədiyinə, eləcə də əməldə istinad olunan inzibati xəta tərkibi olmadığına görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, Şəxs Zərərçəkmiş şəxs döyməsi istisna olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli hesab etməyərək, döymə inzibati xətasının tərkibi yaradan hərəkətlərə yol vermədiyini bildirmişdir. Həmçinin dindirilən şahidlərdə Şəxs Zərərçəkmiş şəxs döyməməsini bildirdilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxsnun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar