Məhkəmə qərarları › İş №3(018)-348/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-348/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-348/2023 19.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X5 oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1999-cu ildə Astara rayonun, Şiyəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, ali təhsilli, subay, işləməyən, Astara rayonun, Şiyəkəran kəndində qeydiyyatda olmaqla orada yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs 18 aprel 2023-cü il tarixdə, saat 18:00 radələrində Astara şəhəri, H.Əliyev prospektində xidmətdə olan Astara RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs idarə etdiyi **-DJ-*** dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobilində sürücü əlavə avadanlıqlar quraşdırıldığına görə YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona etdiyi hərəkətlərin inzibati xəta olduğunu izah etmişlər. Lakin Şəxs aqressivlik göstərmiş, onların qanuni tələbinə tabe olmamışdır. Bir daha Şəxs xəbərdarlıq edilmiş, nizam-intizama dəvət edilmişdir. Bütün bunlara baxmayaraq Şəxs öz hərəkətlərinə davam etmiş, o maşını duracağa aparmaqdan və maşının açarını təqdim etməkdən imtina edərək polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş idarəçilik qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə bağlı Şəxs ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında 19 fevral 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, 18 aprel 2023-cü il tarixdə, saat 18:00 radələrində özünə məxsus **-DJ-*** dövlət qeydiyyat nişanlı “BMW” markalı dövlət qeydiyyat nişanlı avtomobil ilə Astara şəhərində hərəkətdə olduğu zaman Astara RPŞ-nin DYPB-nin əməkdaşları onu saxlamışlar. Daha sonra avtomobilində əlavə avadanlıqlar quraşdırıldığı üçün maşını duracağa yerləşdirilməli olduqlarını izah etmişlər. Astara RPŞ-nin YPX-nin əməkdaşlarına avtomoblinə heç bir əlavə avadanlıqlar quraşdırıldığını bildirməsinə baxmayaraq, onu avtomobili ilə birlikdə Astara RPŞ-nə gətirmişlər. Daha sonra maşınını duracağa yerləşdirilməsinə etiraz bildirərək YPX-nin əməkdaşlarına etiraznı bildirmişdir. Göstərilənlərin nəzərə alınmasını Məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Astara RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X2 vermiş olduğu izahatında göstərdi ki, 18 aprel 2023-cü il tarixində saat 18:00 radələrində Astara şəhər ərazisində DYPB-nin YPX-nin baş inspektoru, polis kapitanı Elxan Abbasovla birlikdə Astara şəhərində xidmətdə olduqları zaman **-DJ-*** dövlət qeydiyyat nişanlı “BMW” markalı dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü nəqliyyat vasitəsinə əlavə avadanlıqlar quraşdırıldığına görə tərəfindən saxla işarəsi verilmişdir. Sürücüyə maşında əlavə avadanlıqlar quraşdırıldığına görə maşını duracağa yerləşdirilməli olduqlarını izah etmişlər. Bu zaman adı sonradan bizə məlum olan avtomobilin sürücüsü Şəxs maşının açarını onlara təqdim etməkdən və maşını duracağa yerləşdirilməkdən imtina edərək tabesizlik göstərmişdir. Şəxs xəbərdarlıq edilmiş, nizamintizama dəvət edilmişdir. Lakin bütün bunlara baxmayaraq Şəxs öz hərəkətlərinə davam etmişdir. Buna görə də bu barədə şöbə rəhbərliyinə raportla məruzə olunmuş, onun qeyriqanuni hərəkətləri sənədləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Astara RPŞ-nin DYPB-nin YPX əməkdaşıAbbasov Elxan Rasim oğlu X1 vermiş olduğu izahatı bir daha təsdiq etdi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Astara RPŞ-nin DYP-nin YPX-nin inspektoru, polis baş serjantı Feyruz Feyruzzadə tərəfindən polis şöbəsinin rəisinə ünvanlanmış raportun məzmunundan görünür ki, Şəxs 18 aprel 2023-cü il tarixdə, saat 18:00 radələrində Astara RPŞ-nin inzibati binasının girişində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, əməlindən peşiman olmasını, bir daha belə hallara yol verməyəcəyi barədə söz verməsini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinəəsasən inzibati qaydada tutulmuşşəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan 18 aprel 2023-cü il tarixli, 91 nömrəli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs 18 aprel 2023-cü il tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar