Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-365/2024 02.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, Astara rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Pərviz İskəndərovun, barəsində inzibati icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, X5 QSC-də işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Astara rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində 02 may 2024-cü il tarixində Astara rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, Astara rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(018)- 186/2023 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən 22874.45 (iyirmi iki min səkkiz yüz yetmiş dörd manat qırx beş qəpik) məbləğində pulu tələbkar Zərərçəkmiş şəxs ASC-yə ödəməmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilsə də, borclu Şəxs məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, müəyyən olunmuş müddətdə icra sənədini üzrsüz olaraq icra etməmişdir. Baş vermiş inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı Astara rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 izahatında göstərdi ki, Astara rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(018)-186/2023 saylı qətnaməsinin icrası məqsədilə tərəfindən icraata başlama haqqında qərar qəbul edilmiş və borcluya bu barədə bildiriş göndərilmişdir. Lakin borclu Şəxs məhkəmə qətnaməsinin icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş, müəyyən olunmuş müddətdə icra sənədini üzrsüz olaraq icra etməmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, Astara rayon Məhkəməsinin qətnaməsindən xəbərdardır. Zərərçəkmiş şəxs ASC-yə olan borcunu ödəməkdən imtina etmir. X5 QSC-də işləməklə tutulmalar aparıldıqdan sonra 979 (doqquz yüz yetmiş doqquz) manat məbləğində əmək haqqı alır. Aylıq 500 manat ödəniş edir. Odur ki, məhkəmədən barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati işə xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Pərviz İskəndərov izahatında göstərdi ki, Şəxs Astara rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(018)-186/2023 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən 22874.45 (iyirmi iki min səkkiz yüz yetmiş dörd manat qırx beş qəpik) məbləğində pulu tələbkar Zərərçəkmiş şəxs ASC-yə ödəməlidir. Dəfələrlə Şəxs ilə danışıqlar aparmış, sonuncu borcu tam ödəyə bilmədiyini bildirmişdir. Bu vaxta kimi də borcundan ödəniş etməmiş, təkcə aprel ayında ödəniş etmişdir. Şəxs bu vaxta kimi hər ay 500 manat ödəsəydi bəlkə də artıq borcu qurtarmışdı. Hazırda borcun ödənilməsini tələb edir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs müdafiəçisi Vəkil çıxışında bildirdi ki, Şəxs Astara rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(018)- 186/2023 saylı qətnaməsinə əsasən 22874.45 (iyirmi iki min səkkiz yüz yetmiş dörd manat qırx beş qəpik) məbləğində pulu tələbkar Zərərçəkmiş şəxs ASC-yə ödəməlidir. Şəxs icraata başlamaq haqqında qərar göndərildikdən sonra icra məmuru ilə danışıqlar aparılmış, icra məmuruna Şəxs 10 gün ərzində tələbi tam şəkildə icra edə bilməyəcəyi bildirilmiş, rəsmi iş yeri olduğundan əmək haqqına yönəldilməsi xahiş olunmuşdur. Lakin icra məmuru tərəfindən tələbkarın razılığı olmadığı üçün əmək haqqına yönləndirmə edilə bilməyəcəyi bildirilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdən Şəxs tərəfindən aylıq 500 manat olmaqla ödəniş edilməyə başlanmışdır. Şəxs himayəsində 2 nəfər vardır. Qızı tələbədir. Ondan başqa ailədə qazanc gətirən şəxs yoxdur. Borcunu ödəməkdən imtina etmir və aylıq 500 manat ödəniş edir. İmkanı olacağı təqdirdə əlavə ödəniş də edəcəkdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məsuliyyət İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə yaranır. Şəxs tərəfindən qətnamənin tam icra olunmaması üzürlü səbəbdəndir. Aldığı 979 manat əmək haqqısından başqa gəliri yoxdur. İcra məmurunun çağırışına gəlməkdən də yayınmamış, könüllü özü icra şöbəsinə gəlmiş, icra məmurunun bütün qanuni tələblərinə əməl etmişdir. Həmçinin icra məmuru tərəfindən Şəxs üzürlü yaxud üzürsüz səbəbdən qətnaməni icra etmədiyi araşdırılmamışdır. İcra Haqqında Azərbaycan Respublikası Qanununun İİİ fəslində məcburi icra tədbirləri və onların tətbiqinin əsasları nəzərdə tutulmuşdur. Onlardan biri də tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsidir. Lakin icra məmuru tərindən məcburi icra tədbirləri görülməmiş, Şəxs özü tələbin əmək haqqısına yönəldilməsini xahiş etmiş, lakin tələbkarın razılığı olmadığı üçün belə bir qərarın qəbul edilə bilməyəcəyi ona bildirilmişdir. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından işə xitam verilməsini Məhkəmədən xahiş edir. İş materillarından görünür ki, Astara rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(018)-186/2023 saylı qətnaməsinin icra olunması məqsədilə xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materillarından görünür ki, borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materillarında olan Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Pərviz İskəndərov tərəfindən Astara rayon İcra və Probasiya şöbəsinə edilmiş müraciətdən görünür ki, borclunun əmək haqqısına 50% yönəltməklə görülən icra tədbirlərini artıraraq digər icra tədbirlərinin qısa zaman ərzində həyata keçirilməsi xahiş olunmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, təqdim olunmuş sübutlarla istinad olunan inzibati xəta hadisəsinin baş verdiyi sübuta yetirilmədiyinə, eləcə də əməldə istinad olunan inzibati xəta tərkibi olmadığına görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Borclu Şəxs qətnaməni üzrsüz səbəbdən icra etməməsi, həmçinin icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş materiallarında hər-hansı bir sübut yoxdur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, icra məmuru tərəfindən kifayət qədər araşdırma aparılmamış, həmçinin borclu Şəxs və tələbkar Zərərçəkmiş şəxs ASC-nin xahişi yerinə yetirilməmiş, icra məmuru tərəfindən qətnamənin icrası məqsədilə məcburi icra tədbiri kimi borclunun əmək haqqına yönəldilmə tətbiq edilməmişdir. Həmçinin müəyyən edildi ki, borclu Şəxs qətnamənin icrası məqsədilə könüllü danışıqlar aparmış, ödəniş etmiş və icra şöbəsinə də könüllü gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasənbarəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında işüzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuşşəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsindəşübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin528.1-ci maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-365/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-365/2024
02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver