Məhkəmə qərarları › İş №3(018)-38/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-38/2023

01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-38/2023 01.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, barəsində inzibati icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X7 iştirakı ilə, xx xxxx 2001-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran rayonu Biləsər kəndində qeydiyyatda olmaqla orada yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Astara rayon polis şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati protokol və ona əlavə edilmiş materiallar Astara Rayon Məhkəməsinə daxil olmuşdur. Tərtib olunmuş protokoldan görünür ki, Astara rayon polis şöbəsinin təhqiqat bölməsindən daxil olmuş material əsasında həmin protokol tərtib edilmişdir ona görə ki, 15 dekabr 2022-ci il tarixdə, saat 16 radələrində Astara rayon Siyəkü kənd sakini X2 hüququ ilə idarə etdiyi «Niva» markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Astara rayon Vaqo kəndində hərəkətdə olan zaman onunla əks itsiqamətdə hərəkət edən Lənkəran rayon Biləsər kənd sakini Şəxs sürücülük hüququ ilə idarə etdiyi, «Vaz-2106» minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə idarə etməni itirərək «Niva» markalı avtomobilin hərəkət hissəsinə çıxaraq avtomobillər toqquşmuş, nəticədə yol nəqliyyat hadisəsi baş vermiş və Astara rayon Siyəkü kənd sakinləri 1997-ci il təvəllüdlü X5 bel ağrıları, 1991-ci il təvəllüdlü X7 ağrı sindromu, boyunun əzilməsi, küt travması və 2017-ci il təvəllüdlü X3 gicgahın sıyrılmış yarası kimi xəsarətlər almışlar. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs verdiyi izahatında göstərdi ki, 15 dekabr 2022-ci il tarixdə sürücülük hüququ ilə idarə etdiyi, «Vaz-2106» minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Astara rayon Vaqo kəndində hərəkətdə olan zaman idarəetməni itirərək, «Niva» markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X13 yüngül dərəcəli xəsarət almışdır. Barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X13 göstərdi ki, 15 dekabr 2022-ci il tarixdə, saat 16 radələrində Astara rayon Siyəkü kənd sakini X1 hüququ ilə idarə etdiyi «Niva» markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Astara rayon Vaqo kəndində hərəkətdə olan zaman onunla əks itsiqamətdə hərəkət edən Lənkəran rayon Biləsər kənd sakini Şəxs sürücülük hüququ ilə idarə etdiyi, Vaz 2106 minik markalı, **-BH- *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə idarə etməni itirərək NİVA markalı avtomobilin hərəkət hissəsinə çıxaraq avtomobillər toqquşmuşdur. Hadisə nəticəsində X11, X12 və özü xəsarət almışdır. Lakin, onlara verilmiş ekspert rəyi ilə razı deyil. Özü baş vermiş hadisə nəticəsində ağır xəsarət almış, hazırda da boyun fəqərələrinin sınıq və çatları nəticəsində karsetlə gəzir. Ekspert onu tam müayinə etmədən və xəsarət dərəcələrini düzgün müəyyən etmədən natamam bir rəy vermişdir. Ona görə də hazırda olan inzibati xəta barədə işlə razı deyil. Odur ki, hazırki işin təqsirli şəxsin əməlində cinayət tərkibinin olması ilə bağlı aidiyyatı üzrə rayon prokurorluğuna göndərilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Məhkəmə-Tibbi Ekspertiza və X10 PHŞ-nin Lənkəran rayonlararası MTE və PA şöbəsindən X7 barəsində verilmiş xx.xx.2022-ci il , 443 saylı canlı şəxsin məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, 1991-ci il təvəllüdlü X7 məhkəmə-tibbi müayinəsi zamanı bədənində - boyun nahiyəsində yumşaq toxumaların əzilməsi-hematoması aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə sərnişin olduğu minik avtomaşınının digər minik maşını ilə toqquşması nəticəsində avtomaşının salonunun qabarıq hissələrinin zərbəsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırıb, sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduğundan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında işin icraata xitam verilərək, iş üzrə materiallar prokurora göndərilməlidir. Belə ki, «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Astara rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Samir Rəsullu tərəfindən qəbul edilmiş 09 yanvar 2023-cü il tarixli qərarın nəticə hissəsində toplanmış materialda cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd olunması, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində inzibati icraat işinin açılması məqsədilə materialın qərarın surəti ilə birlikdə aidiyyəti üzrə Astara rayon polis şöbəsinin DYPB-yə göndərilməsi qərara alınmışdır. Samir Rəsullu tərəfindən aparılmış təhqiqat, qəbul edilmiş qərar və həmin qərar əsasında X9 tərəfindən aparılmış inzibati icraat səthi, yarıtmaz və natamam aparılmış, nəticədə natamam qərar və protokolun qəbul edilməsi ilə nəticələnmişdir. Ona görə də, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməli və iş üzrə materiallar prokurora göndərilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli Qərarında göstərilir ki, istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda icraata xitam verilərək, iş üzrə materiallar prokurora, təhqiqata və ya istintaq orqanına göndərilməsi barədə məhkəmə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində olan 3(018)-38/2023 saylı inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduğundan iş üzrə icraata xitam verilsin və iş üzrə materiallar prokurora göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar