Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-411/2025 26.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Eldar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Astara rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1966-cı il tarixdə Astara rayonu Ərçivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Astara rayon Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 17 may 2025-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 26 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 25 aprel 2025-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Astara RPŞ-nin İTB-nin sahə rəisi X3 izahatında bildirdi ki, Zərərçəkmiş şəxs Astara RPŞ-yə ərizə ilə müraciət edərək, həmin tarixdə saat 16 radələrində Astara rayonu Ərçivan qəsəbəsində yaşadığı evin qarşısındakı ara yolda şəxsi münasibətlər zəmnində aralarında baş verən mübahisə zamanı Şəxs tərəfindən döyüdüyünü bildirmişdir. İş üzrə araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş və şəxsin əməlində inzibati xəta tərkibinin olması müəyyən edilmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək şəxs məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmədiyini, Zərərçəkmiş şəxs döymdəyini, heç bir təqsiri olmadığını bildirmiş, təhqiqat zamanı verilmiş ifadəsində qeyd etmişdir ki, göstərilən ünvanda ailəsi ilə birgə yaşayır, evlidir. xx.xx.2025-ci il tarixdə səhər saat 9 radələrində Rəna Həmidovanın evində işlədiyi zaman Kinəvəs və onun qızı Gülayim Rənaya nalayiq küçə söyüşləri söyməyə başlamışlar. Bu zaman o Rənaya bildirmişdir ki, artıq işləyə bilməz evinə gedir. O evinə gedən zaman Kinəvəs və onun qızı Gülayim qabağını kəsmiş, velosipedini əlindən almış, onun ünvanına nalayiq söyüşlər söyərək onu təhqir etmişlər. Ümumiyyətlə Kinəvəsi həmin gün vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Kinəvəs ona böhtan atır. Ona görə də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16 radələrində qızı Gülayim ilə yaşadıqları evdə oluqları zaman iki polis əməkdaşı gələrək onlara bildirmişlər ki, Hüseyn və Rəna adlı şəxsləri narahat etmisiniz, onlar da sizdən şikayət etmişlər. Qızı Gülayim evin pəncərəsindən qonşu Rənanın həyətində işləyən Hüseyndən “sənin nə rahatını pozmuşuq” deyə soruşduqda Hüseyn Gülayimi nalayiq söyüşlərlə söyərək təhqir etmiş və onu küçəyə çağırmışdır. O küçəyə çıxaraq “qızımı niyə söyürsən” deyə Hüseynə iradını bildirdikdə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Hüseyn yumruq və təpiklə bədəninin müxtəlif yerlərindən vuraraq onu döymüşdür. Hazırda Şəxs şikayətçidir və onunla barışmır. Qeyd olunanları nəzərə alaraq şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 17 may 2025-ci il tarixli qərardan görünür ki, Astara rayonu Ərçivan qəsəbəsində yaşayan X2, Zərərçəkmiş şəxs və Şəxs müraciətləri əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Zərərçəkmiş şəxs barəsində inzibati icraat işinin açılmasından ötrü qəbul edilmiş qərarın surəti Astara RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 canlı şəxsin ekspertizasının 29 aprel 2025-ci il tarixli, 103 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində - sağ said, sağ əl, sağ baldır nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 4-5 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir Astara rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş 26 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxsin izahatı, iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 canlı şəxsin ekspertizasının 29 aprel 2025-ci il tarixli, 103 saylı rəyi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Şəxsnın özünü təqsirli bilməyərək, zərərçəkmişi döyməməsini iddia etməsi isə məhkəmə tərəfindən şəxsin özününmüdafiə etməsi kimi qiymətləndirilir və əsassızdır. Belə ki, Şəxs tərəfindən barəsində araşdırma aparılan dövrdə araşdırmanın düzgün aparılmaması ilə bağlı hər hansı prosessual hərəkətlər edilməmiş, hərəkətsizlik göstərilmiş bu da, bir daha şəxsin ifadəsinə özünümüdafiə kimi yanaşmaya əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halların, məsuliyyəti ağırlaşdıran halların olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edildiyi halda inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-411/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-411/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver