Məhkəmə qərarları › İş №3(018)-413/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-413/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-413/2025 26.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Protokol tərtib edən Astara RPŞ-nin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Buqinsk rayonu, Obrucevka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN xxxxxxx), evli, işləməyən, Astara rayonu, Pensər kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində X5 tərəfindən 26 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibatı xəta haqqında materialda göstərilmişdir ki, Şəxs 24 may 2025-ci il tarixdə 21:00 radələrində Astara rayon Polis Şöbəsinin inzibati binasıda səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Həmin zaman polis əməkdaşları ona etdiyi hərəkətlərin ictimai qayda pozuntusu olmasını izah etmələrinə baxmayaraq Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə protokol tərtib edən Astara RPŞ-nin İTB-nin sahə rəisi X3 izahatında göstərmişdir ki, 24 may 2025-ci il tarixdə Astara rayonu, Pensər kənd sakini Şəxs barəsində araşdırma materialı açılmış və Şəxs 24 may 2025-ci il tarixdə Astara rayon Polis Şöbəsinə dəvət edilmişdir. Şəxs Astara rayon Polis Şöbəsinin inzibati binasının istintaq bölməsində olarkən uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanə pozmuşdur. Həmin zaman Şəxs hərəkətlərinin ictimai qayda pozuntusu olmasını dəfələrlə izah etmələrinə baxmayaraq qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 24 may 2025-ci il tarixdə barəsində olan araşdırma ilə əlaqədar Astara rayon polis şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində olan zaman polisin qanuni tələblərinə tabə olmuş, səs-küy salmamış, heç bir tabesizlik göstərməmişdir. İş materiallarında olan tutma 24 may 2025-ci il tarixli 79 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 24 may 2025-ci il tarixdə saat 21:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirilməmişdir. Belə ki, Şəxs, barəsində olan araşdırma ilə bağlı Astara rayon Polis Şöbəsinə dəvət edilmiş, sonuncu polisin qanunu tələbinə əməl edərək polis şöbəsinə gəlmiş və izahat vermişdir.Polisin qanuni tələbinə tabesizlik göstərilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Qanunvericilik: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, inzibati xəta hadisəsi olmadığına görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o dərhal həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.2.1, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar