Məhkəmə qərarları › İş №3(018)-421/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-421/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-421/2025 03.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəzadə Zahid Zahir oğlunun katibliyi, Astara rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1985-ci il tarixdə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Astara rayonu, Məçitməhəllə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (Fin xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Astara Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 03 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. 03 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokoldan görünür ki, Hüseynov X5 Rayon Məhkəməsinin 2(071)-1839/2016 saylı, 28 dekabr 2016-cı il tarixli icra sənədinin icrasından yayınmaqla tələbkar Zərərçəkmiş şəxs 4590 manat məbləğində borcu vardır. 03 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əlavədən görünür ki, Astara Rayon Məhkəməsinin 2(018)-860/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin tələbinə əsasən Şəxs 1001,83 manat pul tutularaq tələbkar “Unibank ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Astara rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş borcluya icraata başlamaq haqqında qərar və bildiriş göndərilmişdir. Borclu müvafiq icra sənədi üzrə tələbkarın xeyrinə qeyri müntəzəm ödəniş etməklə hazırda borc 911 manat təşkil edir. Astara Rayon Məhkəməsinin 2(018)-721/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin tələbinə əsasən Şəxs 4425,06 manat əsas borc, 729,46 manat məbləğində faiz borcu və 3,77 manat cərimə borcu, ümumilikdə 5158,29 manat pul və 72,29 manat ödənilməmiş dövlət rüsumu alınaraq iddiaçı “X7” ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Astara rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş borcluya icraata başlamaq haqqında qərar və bildiriş göndərilmişdir. Borclu müvafiq icra sənədi üzrə tələbkarın xeyrinə qeyri müntəzəm ödəniş etməklə hazırda borcu 4980,18 manat təşkil edir. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1839/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin tələbinə əsasən xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla ümumilikdə 200 manat miqdarında aliment tutularaq tələbkarın xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə Astara rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş borcluya icraata başlamaq haqqında qərar və bildiriş göndərilmişdir. Borclu müvafiq icra sənədi üzrə tələbkarın xeyrinə qeyri müntəzəm ödəniş etməklə hazırda borcu 4590 manat təşkil edir. Məhkəmə iclasında Astara rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, aliment öhdəliyi üzrə uşaqlardan birinin yaşı 2024-cü ilin aprel ayında tamam olmuş, digərinin yaşı isə bu ilin, yəni 2025-ci ilin avqust ayında tamam olacaqdır. O son illər ərzində hər ay mütəmadi olaraq 100-300 manat miqdarında aliment ödəsə də hazırda yaranmış 4590 manat borcunu tam ödəyə bilmir. Həmin borcu hissəhissə ödəyə bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs heç bir üzrlü səbəb olmadan yuxarıda göstərilən icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə razılaşmamaqla aşkarcasına icraya mane olmuş, etinasızlıq göstərmişdir. Bununla da, o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Astara Rayon Məhkəməsinin 2(018)-860/2024 saylı, 19 iyul 2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 850 manat əsas borc, 119,43 manat faiz borcu, 2 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında 26 avqust 2024-cü il tarixli qərardan görünür ki, Astara Rayon Məhkəməsinin 2(018)-860/2024 saylı, 19 iyul 2024-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Astara Rayon Məhkəməsinin e-2(018)-721/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 4425,06 manat əsas borc, 729,46 manat məbləğində faiz borcu və 3,77 manat cərimə borcu, ümumilikdə 5158,29 manat pul və 72,29 manat ödənilməmiş dövlət rüsumu alınaraq iddiaçı “X7” ASC-nin xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Astara Rayon Məhkəməsinin e-2(018)-721/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1839/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədindən görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-590/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artılırmaqla xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün cavabdeh Şəxs hər ay bir uşağa 100 manat, cəmi 200 manat məbləğində aliment tutulraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2016-cı il tarixli qərardan görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1839/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Şəxsnın verdiyi izahatından görünür ki, o, həmin izahatında icra sənədindən xəbərdar olduğunu göstərmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun,qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim,səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmiş, buna laqeyd münasibət göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində, keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Şəxsnın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə qənaətə gəlir ki, onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 03 iyun 2025-ci il tarixdən, saat 16:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Astara Rayon Polis Şöbəsinə və Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar