Məhkəmə qərarları › İş №3(018)-490/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-490/2023

06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-490/2023 06.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1988-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Astara rayonu Burzubənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Astara Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati icraat aparılan Şəxs 05 iyun 2023-cü il tarixdə, saat 19:10 radələrində, Astara rayonu Burzubənd kəndindəki evinin qarşısında küçədə ictimai qaydanı pozaraq, ucadan səs-küy salaraq, ictimai qaydanı pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş xırda xuliqanlıq hadisəsi ilə əlaqədar Astara Rayon Polis Şöbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında 06 iyun 2023-cü il tarixli, MN № ******* saylı protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, o, Astara rayonu Burzubənd kəndində yaşayır. 05 iyun 2023-cü il tarixdə, saat 19:10 radələrində, Astara rayonu Burzubənd kəndindəki yaşadığı evin qarşısında küçədə bərk əsəbləşməsinə görə o,ünvansız nalayiq söyüşlərlə söymüşdür. Hazırda əməlindən peşmandır. Məhkəmə iclası zamanı şahid X3 vermiş olduğu izahatında göstərdi ki, o, Astara Rayon Polis Şöbəsində işləyir. 05 iyun 2023-cü il tarixdə, saat 19:10 radələrində, Astara rayonu Burzubənd kəndində xidməti vəzifələrini yerinə yetirmişlər. Həmin vaxtı həmin kənddə yaşayan Şəxs küçədə ictimai qaydanı pozaraq, ucadan səs-küy salaraq, ictimai qaydanı pozmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 05 iyun 2023-cü il tarixli protokoldan görünür ki, X1 05 iyun 2023-cü il tarixdə, saat 19:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, onun bu inzibati iş ilə əlaqədar 05 iyun 2023-cü il tarixdə, saat 19:40-dan inzibati qaydada tutulmasını nəzərə alaraq, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs cəzasının təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə təqsirli bilinərək 06 (altı) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 05 iyun 2023-cü il tarixdə, saat 19:40-dan hesablansın. Qərarın icrası Astara rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar