Məhkəmə qərarları › İş №3(018)-492/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-492/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-492/2024 24.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X19 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin nümayəndəsi Astara rayon prokurorunun böyük köməkçisi X3 iştirakı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 352.0.11-ci maddəsi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və əlavə edilmiş sənədlərə Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hüquqi şəxs "xxxx" ASCASC-ni təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxsin sədri X7 “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydasfnm təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 1.1,1.2,1.5 və 1.6-cı bəndinin tələblərini pozaraq Azərbaycan Respublikasının digər ərazilərində müsabiqənin təşkilatçısı qismində şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə müntəzəm sərnişin daşımalarının (bundan sonra - müntəzəm sərnişin daşımaları) dövlət sifarişçisi olan Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X9 Xidməti (bundan sonra-Sifarişçi) tərəfindən müsabiqə təşkil olunmadan, müsabiqənin keçirilməsi, müsabiqənin təkliflərinə baxılması, müsabiqədə iştirak etmədən, müsabiqənin qalibi olmadan müntəzəm marşrutlar üzrə və ya marşrutların müvafiq reysləri üzrə sərnişindaşıma xidmətlərin göstərilməsi hüququnu əldə etmədən, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydalarının təsdiq edilməsi haqqında Azrəbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.3-cü bəndinə əsasən müntəzəm marşrutların açılmasına yalnız onların keçəcəyi yolların vəziyyəti, hərəkətin təhlükəsizliyinin, habelə bu marşrutlarda istismar ediləcək avtonəqliyyat vasitələrinin daşımalara yararlığının təmin olunması baxımından Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu və BDYPİ tərəfindən birgə yoxlanılıb icazə verilmədən X1, X10, X11, X12, X5, X6, X13, X2 Astara rayon ərazsində şəhərdaxili və şəhərlərarası marşurutlar üzrə şərnişindaşıma fəaliyyətinə cəlb etdiyinə görə, hüquqi şəxs "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 352.0.11-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Məhkəmədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin nümayəndəsi Astara rayon prokurorunun böyük köməkçisi X8 bildirdi ki, İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən hüquqi şəxs "xxxx"ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 352.0.11-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və hüquqi şəxs "xxxx" ASC-nin Azərbaycan Respublikası İXM-nin 352.0.11-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib ən yüksək həddə cərimə edilməsini xahiş etdi. "xxxx" ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etmədiklərindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş qərar və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 352.0.11-ci maddəsinə əsasən sərnişin daşımalarının marşrutlarının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmamasına görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta barədə tənbeh edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinin tələblərinə uyğun olaraq, hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs "xxxx" ASC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" ASC barəsində inzibati tənbeh cərimə edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Şərh edilənləri, iş sənədlərini tam, hərtərəfli və obyektiv araşdıraraq, törədilmiş inzibati xətanı və inzibati xəta törətmiş "xxxx" ASC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, "xxxx" ASC Azərbaycan Respublikası İXM-nin 352.0.11-ci maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130 və 352.0.11-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ünvan 1 ünvanında fəaliyyət göstərən hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 352.0.11-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1700 (min yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar