Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-493/2024 10.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Protokolu tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Astara rayonu Vaqo kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, Astara rayonu Vaqo kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Astara RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:10 radələrində Astara rayon Polis Şöbəsinin inzibati binasının qarşısında səs-küy salmış və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmədə protokol tərtib edən şəxs X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 11:10 radələrində Şəxs Astara RPŞ-nin Təhqiqat bölməsinin icraatında olan materialın araşdırılması ilə bağlı dəvət edilmişdir. Lakin Şəxs Astara rayon Polis Şöbəsinin inzibati binasının qarşısında səsküy salaraq nalayiq ifadələr işlətməyə başlamış Astara RPŞ-nin İTB-nin polis nəfəri polis serjantı Fərid Əhmədov, Astara RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı Kamran Rəhimov və Astara RPŞ-nin baş inspektoru polis leytenantı İxtiyar Arizzadə həmin vaxt ona hərəkətlərinin inzibati xəta olduğunu izah etmələrinə baxmayaraq o, polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində barəsində olan materialın araşdırılması ilə bağlı Astara RPŞ-nə dəvət edilmişdir. Həmin vaxt əsəbi olduğundan uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Məhkəmədə şahid X2 bildirdi ki, Astara RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı Kamran Rəhimov və Astara RPŞ-nin baş inspektoru polis leytenantı İxtiyar Arizzadə ilə birlikdə xidmətdə olduqları zaman Astara rayonu Vaqo kənd sakini Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:10 radələrində Astara rayon Polis Şöbəsinin inzibati binasının qarşısında səs-küy salaraq, ünvansız nalayiq ifadələr işlətmiş, onu sakitləşdirmək, qanuna riayət etməsinə dəvət etsələrdə, onların qanuni tələblərinə tabe olmamışdır. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavə edilmş İnzibati qaydada tutma haqqında 104 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il 11:10-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin sənədlərini tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla oğlunun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları aşkar etmədi. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati qaydada tutulması məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şərh edilənləri nəzərə alaraq, məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alır və onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 535.1, 32, 48-51-ci, 114-cü və 128- 130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 150 (yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-493/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-493/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver