Məhkəmə qərarları › İş №3(018)-516/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-516/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-516/2023 12.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qafarov Elvin Namik oğlunun katibliyi və Astara rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 barəsində inzibati icraat aparılan Şəxs Baladadaş oğlunun iştirakı ilə, 06 avqust 1984-cü ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Astara rayonu Kakalos kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Baladadaş oğlu haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Astara rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Astara rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2(018)-1264/2014 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən 25 aprel 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 21 noyabr 2014-cü il tarixindən hesablanmaqla Şəxs Baladadaş oğlundan hər ay 80 (səksən) manat məbləğində aliment X2 ödəməli olduğu halda, ödəməmiş, ümumilikdə 3940 (üç min doqquz yüz qırx) manat aliment borcu yaranmışdır. Bundan başqa Lerik rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(048)- 52/2021 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən 02 mart 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 10 avqust 2020-ci il tarixindən hesablanmaqla Şəxs Baladadaş oğlundan hər ay 100 (səksən) manat məbləğində aliment X5 ödəməli olduğu halda, ödəməmiş, ümumilikdə 3400 (üç min dörd yüz) manat aliment borcu yaranmışdır. Bununla da o, məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, müəyyən olunmuş müddətdə icra sənədini üzrsüz olaraq icra etməmişdir. Buna görə də Astara rayon İcra və probasiya şöbəsi tərəfindən Şəxs Baladadaş oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 06 iyun 2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs Baladadaş oğlu vermiş olduğu izahatında göstərdi ki, Astara rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2(018)-1264/2014 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən 25 aprel 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 21 noyabr 2014-cü il tarixindən hesablanmaqla ondan hər ay 80 (səksən) manat məbləğində aliment X2 ödəməli olduğu halda, ödəməmiş, ümumilikdə 3940 (üç min doqquz yüz qırx) manat aliment borcu yaranmışdır. Bundan başqa Lerik rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(048)-52/2021 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən 02 mart 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 10 avqust 2020-ci il tarixindən hesablanmaqla ondan hər ay 100 (səksən) manat məbləğində aliment X5 halda, ödəməmiş, ümumilikdə 3400 (üç min dörd yüz) manat aliment borcu yaranmışdır. Lakin işləmədiyi, maddi imkanı aşağı olduğu üçün borcunu ödəməmişdir. Borcunu tez bir zamanda ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Astara rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 məhkəmə iclasında göstərdi ki, Astara rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2(018)-1264/2014 saylı qətnaməsi və Lerik rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(048)-52/2021 saylı qətnaməsi icra sənədləri icraata daxil olduqdan sonra borclu Şəxs Baladadaş oğluna tələbin könüllü icrası barədə 27 yanvar 2015-ci il tarixli və 05 mart 2021-ci il tarixli bildirişlər, icraata başlamaq haqqında qərarlar göndərilmişdir. Şəxs Baladadaş oğlunun hal-hazırda X2 3940 (üç min doqquz yüz qırx) manat və X5 3400 (üç min dörd yüz) manat aliment borcu yaranmışdır. Borclu Şəxs Baladadaş oğlu heç bir yerdə işləmədiyini bəhanə gətirərək məhkəmə qətnaməsinin icrasından qəsdən boyun qaçırmaqla yaranmış olan borcunu hal-hazırda ödəyə bilməyəcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Baladadaş oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xəta törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin qeyd olunan digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Baladadaş oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Baladadaş oğluna qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xətanı törətmiş Şəxs Baladadaş oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 12 iyun 2023-cü il tarixdən, saat 17:40-dan hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar