Məhkəmə qərarları › İş №3(018)-555/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-555/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-555/2025 04.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, protokol tərtib edən Astara RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Astara rayonu, Toradi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: (xxxxxxx) evli, orta təhsilli, təsərüfatla məşğul olan, Astara rayonu, Toradi kəndinə yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Astara RPŞ-nin İTB-nin polis sahə rəisi Kamran Rəhimov tərəfindən 04 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixə saat 00:40 radələrində barəsində olan araşdırma materialına əsasən Astara RPŞ-ya dəvət olunmuş Astara rayon, Toradi kənd sakini Şəxs çağırılmasına etiraz edərək şöbənin giriş qapısının qarşısında ucadan ünvansız şəkildə nalayiq ifadələr işlətməklə kənarda olan şəxslərin diqqətini özünə cəlb etmişdir. Polis əməkdaşları onu nizam intizama dəvət etsələrdə o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə protokol tərtib edən Astara RPŞ-nin İTB-nin polis sahə rəisi X2 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixə saat 00:40 radələrində Astara rayonu, Toradi kənd sakini Əliyev X3 RPŞ-nin inzibati binasının önündə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Həmin zaman polis əməkdaşları Şəxs hərəkətlərinin ictimai qayda pozuntusu olmasını dəfələrlə izah etmələrinə baxmayaraq qanuni tələblərinə qəsdən tabe olmamışdır. Daha sonra vətəndaş Şəxs öz əməlini səmimi şəkildə etiraf etmiş və peşman olduğunu bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Astara rayonu, Toradi kəndində yaşayır. Ailəlidir, 5 uşağı vardır. Ən balaca uşağı 7 aylıqdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Astara rayon poliş şöbəsinə dəvət olunmuşdur. Dəvət olunduqdan sonra dərhal polis şöbəsinə getmişdir. O, polis əməkdaşlarının qanuni tələblərinə heç bir müqavimət göstərməmiş və polis əməkdaşlarının qanuni tələblərinə əməl etmişdir. Sadecə olaraq polis şöbəsinin qarşısında olan zaman biraz əsəbi olduğundan ucadan danışmışdır. İş materiallarında olan 03 avqust 2025-ci il tarixli 129 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 03 avqust 2025-ci il tarixdə saat 00:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs ailəli olmaqla himayəsində 4 uşağı vardır. Məhkəmə protokol tərtib edən şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadıqda yaranır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın əməlini, yəni polisin qanuni tələblərinə tabe olmaması faktını təsdiq edən heç bir sübuta istinad edilməmişdir. Məhkəmə iclasında da bu xüsusat öz təsdiqini tapmamışdır. Şəxs əməlində AR İXM-in 535.1-ci maddəsinin tərkib hissəsi yoxdur. Qanunvericilik: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsini, iş materiallarını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, onun əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.2.1 , 53, 105-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar