Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-558/2025 05.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Astara RPŞ-nin İTB-nin polis sahə rəisi X1 və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1959-cu ildə Astara rayonu, Lovayın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı FİN(xxxxxxx), evli, orta təhsilli, təqaüdçü, Astara rayonu, Ojakəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin sahə rəisi Kamran Rəhimov tərəfindən 05 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* saylı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN seriyalı ******* saylı protokollar tərtib edilmiş və baxılması üçün Astara Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10:15 radələrində Astara RPŞ-nin əməkdaşları xidmətdə olduqları zaman adı sonradan onlara məlum olan Astara rayon, Ojakəran kənd sakini Şəxs aqressiv şəkildə polis əməkdaşlarına yaxınlaşaraq əsassız şəkildə uca səslə “mənim oğlumu siz təhqir etmisiz, sabah gəlib şöbədə sizi başı aşağı edərəm” kimi ifadələr işlədərək, ardından ünvanlarına nalayiq küçə söyüşləri söyməyə başlamışdır. Həmin zaman polis əməkdaşları ona etdiyi hərəkətlərin ictimai qayda pozuntusu olmasını dəfələrlə izah edərək nizam-intizama dəvət etmələrinə baxmayaraq o, polis əməkdaşlarının fikirlərinə məhəl qoymayaraq onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə protokollar tərtib edən Astara RPŞ-nin İTB-nin sahə rəisi X4 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 10 radələrində Astara rayon Pensər ərazisində təşkil olunmuş bazarın qarşısında polis əməkdaşları xidmətdə olduqları zaman Astara rayon, Ojakəran kənd sakini Şəxs aqressiv şəkildə polis əməkdaşlarına yaxınlaşmış, orada səs-küy salmış və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin zaman polis əməkdaşları ona etdiyi hərəkətlərin ictimai qayda pozuntusu olmasını dəfələrlə izah edərək nizam-intizama dəvət etmələrinə baxmayaraq o, polis əməkdaşlarının fikirlərinə məhəl qoymayaraq onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə nəvəsi onun telefonuna zəng vuraraq Astara rayon, Pensər kənd ərazisində polislərin onları tutduğunu bildirmişdir. Həmin zəng əsasında Astara rayon, Pensər kəndinə getmişdir. Həmin kəndə çatan zaman nəvəsinə zəng vurmuşdur, nəvəsi ona onları buraxdıqlarını, mübahisə baş verdiyini və söyüldüklərini bildirmişdir. Daha sonra oradan keçən bir tanışı ona Pensər kəndində çay içməyi təklif etmişdir, birlikdə çay içməyə getmişlər həmin zaman tanışı ona oğlunun ilə polis əməkdaşları arasında mübahisə baş verdiyini və polisin iki kəlmə söz dediyini bildirdi. Bununla əlaqədar olaraq o, polis əməkdaşına yaxınlaşıb “məni tanıyırsan mənim oğluma cındır oğlu cındır demisən? Cındır sən özünsən” ifadəsini işlətmişdir. Polis əməkdaşı ona heç bir qarşılıq verməmişdir. Sonradan araşdırdıqdan sonra polis əməkdaşının belə bir ifadə işlətmədiyi ona məlum olmuşdur.Daha sonra törətdiyi əməli etiraf edərək, ağır şəkər xəstəsi olmasını ,əməlindən peşman olmasını qeyd etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Astara RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik-serjantı X2 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Astara rayon, Pensər ərazisində xidmətdə olduqları Şəxs oğlu ilə aralarında mübahisə baş vermişdir. Baş vermiş mübahisə zamanı Şəxs oğlu səs-küy salaraq onlara “Siz necə polissiniz yolu aça bilmirsiniz, indi bir şey etmiş olsa idim məni aparmışdınız şöbəyə” deyərək bildirmişdir. O, Şəxs oğlunu kənara çəkərək irad bildirmiş və daha sonra onu yola salmışlar. Mübahisədən 15 dəqiqə sonra Şəxs ora yəni Astara rayon Pensər kəndinə gəlmişdir. Onlara yaxınlaşmasına təxminən 10-15 metrə qalmış uca səslə “cındır sizsiniz, birinci gün gəlib səni başı aşağı edərəm, bu necə şeydir yolu aça bilmirsən, oğluma söz deyirsən” demişdir. O, Şəxs yaşını nəzərə alaraq ona qarşı heç bir ifadə işlətməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilən X3 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Astara rayon, Pensər ərazisində polis əməkdaşları ilə aralarında yolun açılması məsələsi ilə bağlı mübahisə baş vermişdir. Baş vermiş mübahisə zamanı polis əməkdaşlarından biri ona “sənin ağzıvı cıraram” digəri isə “xiyarın biri xiyar” demişdir. Baş vermiş mübahisə zamanı “cındır oğlu cındır” sözü işlənilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 130 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs ailəlidir və 2 uşağı vardır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi onun səmimi etirafı və iş materialları əsasında sübuta yetirilmişdir. Qanunvericilik: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək - üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməkdə təqsirli bilinməli və həmin xətalardan daha ciddi xətanın sanksiyası həddində, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şəxs əməlindən səmimi peşman olmasını, inzibati xəta törətməsini səmimi etiraf etməsini və yaşını məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 65 yaşına çatmış şəxsdir. Bu səbəbdən Azərbaycan Respublkası İXM-nin 30.2-ci maddəsinə əsasən onun barəsində inzibati həbslə əlaqədar olmayan tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə barəsində tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən Şəxs əməlindən səmimi peşman olmasını, inzibati xəta törətməsini səmimi etiraf etməsini, yaşını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan cərimə inzibati tənbeh tədbirinin tətbiq etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs barəsində daha ciddi xətaya görə 150 (yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-558/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-558/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver