Məhkəmə qərarları › İş №3(018)-575/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-575/2025

10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-575/2025 10.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həsənzadə Rəfiqə Azər qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 5 saylı X1 nümayəndəsi X4 iştirakı ilə xx.xx.1971-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (Finkod xxxxxxx). Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 5 saylı X2 tərəfindən 08 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 5 saylı X2 tərəfindən tərtib edilmiş 08 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Astara şəhər Z.Bünyadov küçəsi ev 2-A 11 iyul 2025-ci il tarixdə Şəxs məxsus Mehmanxanaya verilmiş sayğac xətdindən əlavə 32 mm-lik politelin xətt aşkar olunmuşdur. Astara Rayon Məhkəməsinin 3(018)-575/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsi ilə təqsirli bilinib, 200 ( iki yüz) manat məbləğdə cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 5 saylı X2 tərəfindən Astara Rayon Məhkəməsinin 3(018)-575/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-548/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 5 saylı X2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Astara Rayon Məhkəməsinin 3(018)-575/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi, inzibati xəta haqqında işə yenidən baxılması üçün Astara Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 5 saylı X1 nümayəndəsi X6 tərtib edilmiş protokolun mahiyyəti üzrə ifadə verərək, vəzifəli şəxs Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilmədiyini bildirərək, işin müddətinin keçdiyini nəzərə alıb, işə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə əsasən, su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə potokol tərtib edən şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 262.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əməllərə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq iş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan müəyyən edir ki, 11 iyul 2025-ci il tarixdə sahibkar Şəxs məxsus ünvan 2 ünvanında “X8 Xidməti” PHŞ tərəfindən aparılan yoxlama Ədliyyə Nazirliyinin yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla həyata keçirilmiş, fotoşəkillər tərtib edilməklə akt tərtib edilmişdir. Yoxlamanı aparan şəxsin vəsiqə təqdim etməməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, bu hal iş materialları ilə öz təsdiqini tapmamaqla şəxsin özünümüdafiəsi kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə riayət edilməklə yoxlama aparıldığından yoxlamanın nəticəsi və məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, vəzifəli şəxs tərəfindən törədilən xəta ətraf mühitin qorunması qaydaları əleyhinə olan xəta olmaqla, sözügedən xətaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Müddət isə uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Göründüyü kimi, su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması uzanan inzibati xətadır, 11 iyul 2025-ci il tarixdə isə protokol tərtib edilməklə aşkar edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsas olan 1 illik müddət ötürülməmişdir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsin təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə vəzifəli şəxs Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilmədi. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsi ilə inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halın və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, inzibati xəta törətmiş vəzifəli şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 34, 342.9, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000 (min) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar