Məhkəmə qərarları › İş №3(018)-596/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-596/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-596/2025 01.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, X1 iştirakı ilə, X1 inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, EQ29374807 elektron qərarın ləğv edilməsi və inzibati icraatın dayandırılması barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, EQ29374807 elektron qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinib 80 manat cərimə olunmuşdur. X2 şikayət ilə müraciət edərək, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ29374807 inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və inzibati icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmədə şikayət verən şəxs X2 bildirdi ki, xx.xx.2025-ci il tarixində X3 qarşı, İXM-nin 346.4-cü maddəsi əsasında inzibati xəta protokolu tərtib edilmiş və elektron sistemdə 20 (iyirmi) manat cərimə məbləği göstərilmişdir. Həmin vaxt onun kart hesabında pul vəsaiti olmadığından ödəniş edə bilməmişdir. Təxminən 10 gündən sonra, 10% endirim müddətinin son günündə ödəniş etmək istədiyi zaman portalda həmin nömrəli protokol üzrə cərimə məbləğinin 80 (səksən) manata yüksəldiyi məlum olmuşdur. Məsələnin səbəbini öyrənmək üçün o, Astara rayon DYP bölməsinə müraciət etmiş və xx.xx.2025-ci il tarixində cərimə qərarının kağız formasını almışdır. Hadisə Astara rayonunun Pensər kəndi ərazisində, “Pensər bazar” deyilən yerin qarşısında yerləşən “baytarlıq” mağazasının qarşısında baş vermişdir. Belə ki, ona məxsus ** LG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə mağazadan ev quşlarına dərman almaq məqsədilə getmiş, alış-veriş prosesi 2-3 dəqiqə çəkmiş və dərhal sonra avtomobili ilə ərazidən uzaqlaşmışdır. Bir qədər sonra onun mobil telefonuna SMS daxil olmuş və həmin SMS-dən məlum olmuşdur ki, 20 manat məbləğində cərimə tətbiq edilib. Hadisənin baş verdiyi yol, onun rayonundan kəndlərə və digər rayonlara gedən birzolaqlı yoldur. Yolun kənarında, dükanın qabağında maşın saxlamağa yer olmamışdır. Ərizəsinə foto şəkillər əlavə edilmişdir. Orada çoxsaylı maşınlar dayanmışdır. O isə mağazaya qısamüddətli 2 dəqiqəlik daxil olmalıolmuşdur. Avtomobilini yolun kənarına maksimum yaxın saxlamış, yalnız kiçik bir hissəsi hərəkət hissəsindəqalmışdır. Avtomobili yoldan keçən digər avtomobillərin hərəkətinə heç bir maneçilik törətməmiş və qətiyyən tıxac yaranmamışdır. Odur ki, xx.xx.2025-ci il tarixli, EQ 29374807 saylı qərar əsasında barəsində tətbiq edilmiş “2 bal”ın pozulması, 80 manat cərimənin ləğv edilməsi və inzibati icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı Azərbaycan Respublikası BDYPİ-nə məlumat verilsə də Azərbaycan Respublikası BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X1 inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, EQ29374807 elektron qərara xitam verilməsi barədə şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında İşlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1.- qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2.- bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. - bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayət və ya protest baxılarkən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyətli çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) tərəfindən qəbul edilməsi müəyyən edildikdə, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün göndərilməsi haqqında. Şərh edilənlərə əsasən, məhkəmə X1 inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, EQ29374807 elektron qərarın ləğv edilməsi və inzibati icraatın dayandırılması barədə şikayətinin təmin olunmamasını və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 346.4cü maddəsinə əsasən qəbul edilmiş EQ29374807 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1,357, 360, 364, 426-427 və 430-432, 436-cı maddələrini rəhbər tutaraq, Qərara aldı : X1 şikayəti təmin olunmasın. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 346.4-cü maddəsinə əsasən qəbul edilmiş EQ29374807 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar