Məhkəmə qərarları › İş №3(018)-64/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-64/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-64/2025 28.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 04 yanvar 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 17 noyabr 2024-cü il tarixdə saat 17:00-da radələrində etibarnamə olmadan VAZ-21074 markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Şahağacı kəndi ərazisində yerləşən “Oba market”-in yaxınlığında hərəkətdə olan zaman idarə etməni itirdiyindən avtomobili əvvəlcə yolun əks istiqamətli hərəkət zolağına, daha sonra isə yolun sol kənarında yerləşən ehtiyat hissəyə doğru hərəkət etdirdiyi üçün avtomobilin qabaq tərəfi ilə əks istiqamətli hərəkət zolağında hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-21214 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfini vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, VAZ-21074 markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyat şəhadətnaməsinə əsasən anası X1 məxsusdur, həmin avtomobili etibarnamə olmadan idarə edir. Avtomobili idarə etmək üçün B1, B, C1 və C dərəcəli sürücülük vəsiqəsi vardır və sərbəst olaraq avtomobil idarə etməyi bacarır. 17 noyabr 2024-cü il tarixdə saat 10 radələrində yaşadığı evdə nəşə deyilən qurudulmuş marixuana çəkmişdir. Həmin gün saat 17 radələrində idarə etdiyi VAZ-21074 markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şahağacı kəndində yerləşən yaşadığı evdən çıxıb Şahağacı ərazisində yerləşən “Oba market”-ə siqaret almaq üçün gedərkən yolun kənarında həmkəndlisi Mirzağa Səmədovun piyada getməsini görmüşdür. Hava yağışlı olduğuna görə avtomobili saxlayıb Mirzağadan haraya getməsini soruşmuş, Mirzağa Oba marketə siqaret almaq üçün getdiyini bildirmişdir. Buna görə də Mirzağadan avtomobilə əyləşməsini istəmiş və həmin marketə siqaret almaq üçün getdiyini demişdir. Mirzağaza avtomobilə əyləşdikdən sonra idarə etdiyi avtomobillə Oba market istiqamətində hərəkət etməyə başlamış, həmin marketə çatmağa təxminən 30 metr qalmış yolun döngəsini dönən zaman asfalt yol yağışlı olduğuna görə avtomobilin təkərləri sürüşmüş və bu səbəbdən də idarə etməni itirmişdir. Tormoza ayağını sıxsa da, avtomobilin idarə etməsini qaytara bilməmişdir. Buna görə də avtomobil əks istiqamətli hərəkət zolağına, daha sonra isə yolun sol kənarında yerləşən ehtiyat hissəyə çıxaraq əks istiqamətli hərəkət zolağından oraya çıxmış həmkəndlisi Zərərçəkmiş şəxs idarə etdiyi NİVA markalı avtomobilin sol yan tərəfi ilə toqquşmuşdur. Toqquşma nəticəsində dizləri və sinəsi əzilmişdir. Həmçinin, avtomobildə əyləşmiş Mirzağa Səmədovun başı avtomobilin ön alın şüşəsinə çırpıldığı üçün xəsarət almışdır. Onlar avtomobildən düşdükdən sonra oraya gəlmiş Zaur Əsədullayevin idarə etdiyi VAZ-21014 markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib bacısının əri Raspala kimi tanınan Rasif Səmədovun evinə getmişdir. Raspaladan avtomobillə yol-nəqliyyat hadisəsi törətməsini və Zərərçəkmiş şəxs idarə etdiyi Niva markalı avtomobilin əzilməsini bildirmiş, buna görə də onunla birlikdə həmin hadisə yerinə getməsini xahiş etmiş, Raspala da Zaurun idarə etdiyi avtomobillə onlarla birlikdə avtomobillərin toqquşduğu yerə getmişdir. Zərərçəkmiş şəxs yaxınlaşarkən Rəşad üzünü əks tərəfə çevirmiş, orada dayanmış BMW markalı avtomobilin sürücüsü ona yaxınlaşaraq spirtli içki qəbul etməsini, yaxud da narkotik istifadə etməsini soruşmuş, həmin şəxsə nəşə çəkdiyini dedikdə polis əməkdaşlarının onu saxlayacağını bildirmiş və avtomobillə oradan uzaqlaşdırmasını təklif etmişdir. O da adını bilmədiyi həmin şəxsin idarə etdiyi avtomobilə əyləşib yaşadığı evə getmişdir. Bir neçə saat sonra polis əməkdaşlarının yaşadığı ünvana gəlməsini görüb həyətdən uzaqlaşıb getmişdir. Bir neçə gün sonra isə 21 noyabr 2024-cü il tarixdə könüllü olaraq Astara rayon polis şöbəsinə gəlmişdir. Narkotik vasitədən istifadə edərək nəqliyyat vasitəsini idarə etdiyi üçün əməlindən səmimi peşmandır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəqə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Astara RPŞ-nin nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə bildirməmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş Astara RPŞ-nin nümayəndəsinin və Zərərçəkmiş şəxs iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi tərəfindən tərtib edilmiş 04 yanvar 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 noyabr 2024-cü il tarixdə saat 17:00-da radələrində VAZ-21074 markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2, 327.6-cı və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 17 noyabr 2024-cü il tarixli Raportdan görünür ki, 17 noyabr 2024-cü il tarixində saat 17:49 radələrində Astara rayon, Şahağacı kənd sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası 102 xidmətinə zəng edərək, VAZ-21214 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə VAZ-21074 markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması barədə məlumat vermişdir. 17 noyabr 2024-cü il tarixli Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında Protokoldan və yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, VAZ-21214 markalı, **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə VAZ-21074 markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşlar (fotoşəkillər əlavə edilmişdir). Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji xəstəxanasından verilmiş xx.xx.2024-cü il tarixli 001634 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində kannabioidlərin aşkar olunması “THC” (+) göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxs Lənkəran rayonlar arası “MTE və PA Birliyi”nin xx.xx.2024-cü il tarixli 364 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində-sol əl nahiyəsində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə idarə etdiyi minik avtomaşını digər avtomaşınla toqquşması zamanı avtomaşın salonun qabarıq hissələrinin zərbəsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxs Lənkəran rayonlar arası “MTE və PA Birliyi”nin xx.xx.2024-cü il tarixli 385 nömrəli ekspert rəyindən görünür ki, Şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 333-1-ci maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla və özünün etirafedici ifadəsi ilə onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsinin tələbinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar