Məhkəmə qərarları › İş №3(018)-664/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-664/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-664/2025 20.10.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi ilə, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 barəsində Azərbaycan Respublikasının Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən 28 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, 28 avqust 2025-ci il tarixdə saat 12:15 radələrində ünvan 1 ünvanlarda yerləşdirilən soyuducuların üzərində olan reklamlar ilə bağlı verilən yazılı göstəriş tam və vaxtında X5 tərəfindən yerinə yetirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş Azərbaycan Respublikasının Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi və barəsində protokol tərtib edilmiş X5 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat məhkəməyə təqdim edilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən aydın görünür ki, soyuducuların üzərində reklam yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli yazılı göstərişdən görünür ki, Azərbaycan Respublikasının Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən X3 açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə yazılı göstəriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş Teleqramdan görünür ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə bildirilmişdir ki, X3 xx.xx.2025-ci il tarixdə ünvanlanan göndəriş xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 04 saylı Aktdan görünür ki, Açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamın təsvir olunması barədə akt tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Bildirişdən görünür ki, X1 xx.xx.2025-ci il tarixdə saat 12:15-də Astara rayonu, Vaqo kəndində yerləşən “Mirzə market” obyektində olmaq barədə xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 01 saylı Baxış aktından görünür ki, ünvan 1 ünvanlarda yerləşən obyektlərdə Selena soyuducularının üzərində digər fasad reklamlar yayımlanmasının davam etdirilməsi və yazılı göstərişdə qeyd olunanlara əməl edilmədiyi barədə akt tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 28 avqust 2025-ci il tarixli İmtina Aktından görünür ki, X5 tərəfindən akta imza etməkdən və bir nüsxəsini qəbul etməkdən imtina olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə-fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Reklam haqqında Azərbaycan Respublikasının Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 nömrəli fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydalarının 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə görə, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 tərəfindən lazımi icazələr alınmadan reklam yayımı müşahidə olunmuş, açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstəriş tam və vaxtında yerinə yetirilməmiş, İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, X5 tərəfindən icazəsiz reklam yayımı fəaliyyəti göstərilmişdir. Azərbaycan Respublikasının Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən X3 açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə yazılı göstəriş, bildiriş verilmiş, müvafiq aktlar tərtib edilsə də inzibati xəta aradan qaldırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, vəzifəli şəxs X5 barəsində, qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar