Məhkəmə qərarları › İş №3(018)-67/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-67/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-67/2023 24.01.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, Astara rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, xx xxxx 1996-cı ildə Astara rayonu, Noyabud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, evli, işləməyən, Astara rayonu, Noyabud kəndində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Astara rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs Astara rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(018)-672/2020 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən müəyyən edilən və uşaqları 09 dekabr 2014-cü il təvəllüdlü X3 və 11 iyul 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün uşaqların anası X5 verilməli olan hər ay, hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə aylıq 200 (iki yüz) manat məbləğində alimenti ödəməmiş, ümumilikdə 5740 (beş min yeddi yüz qırx) manat aliment borcu yaranmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilsə də, borclu Şəxs məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, müəyyən olunmuş müddətdə icra sənədini üzrsüz olaraq icra etməmişdir. Buna görə də Astara rayon İcra və probasiya tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü ondan hər ay alimentin tutulmasına dair Astara rayon Məhkəmənin qətnaməsinin mövcud olmasından xəbərdardır. Lakin işləmədiyi və maddi imkanı olmadığı üçün alimenti ödəyə bilməmişdir. İmkanı olan kimi borcunu ödəyəcəkdir. Məhkəmə iclası zamanı Astara rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X4 məhkəmə iclasında göstərdi ki, icra sənədi icraata daxil olduqdan sonra borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və rəsmi xəbərdarlıq göndərilmişdir. Borclu əmək qabiliyyətlidir və bunun əksini təsdiq edən sübut yoxdur. Şəxs heç bir yerdə işləmədiyini bəhanə gətirərək məhkəmə qətnaməsinin icrasından qəsdən boyun qaçırmaqla yaranmış olan borcunu hal-hazırda ödəyə bilməyəcəyini bildirmişdir. Şəxs bundan əvvəl də İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə tənbeh almışdır. Hazırda əməlini inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materillarında olan sənədlərin məzmunundan görünür ki, borclu Şəxs “tələbin könüllü icraası haqqında” bildiriş, daha sonra rəsmi xəbərdarlıqlar göndərilmişdir. İş materiallarında olan Astara rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 3(018)-90/2022 saylı qətnaməsindən görünür ki, Şəxs Astara rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(018)-672/2020 saylı qətnaməsini icra etmədiyindən 08 gün müddətinə inzibati həbs edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 24 yanvar 2023-cü il tarixdən, saat 18:25-dən hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında işüzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar