Məhkəmə qərarları › İş №3(018)-671/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-671/2024

02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-671/2024 02.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X6 oğlunun katibliyi ilə, Astara RPŞ-nin İTB-nin sahə VMİE polis leytenatı X1 və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs xx xxxx 1973-cü ildə Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs Astara RPŞ-da polis işçisinin ictimai qaydanı mühavizə vəzifələrini icra edərkən onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs 01 avqust 2024-cü il tarixdə, saat 11:00 radələrində Astara rayonu, Ərçivan qəsəbə sakini Şəxs barəsində olan araşdırma materialının icrası ilə əlaqədar izahatının alınmasından ötrü Astara RPŞ-ya dəvət olunmuş, şöbəyə dəvət olunmasına etiraz edərək ucadan ünvanlı-ünvansız nalayiq ifadələr işlətməklə intizamsızlıq göstərərək, polisin qanuni tələbinə riayət etməmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş idarəçilik qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə bağlı Şəxs ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında 02 avqust 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmiş,həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı Astara RPŞ-nin İTB-nin sahə VMİE polis leytenatı X2 vermiş olduğu izahatında göstərdi ki, 01 avqust 2024-cü il tarixdə, 12:30 radələrində Astara RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı X5 ilə birlikdə xidmətdə olduğu zaman barəsində olan araşdırma materalının icrası ilə əlaqədar Astara rayonun, Ərçivan qəsəbə sakini Şəxs şöbəyə dəvət edilmişdir. O, şöbənin inzibati binasının önündə şöbəyə dəvət olunmasına etiraz edərək ucadan ünvanlı-ünvansız söymüşdür. Özünü təqdim etdikdən sonra ona etdiyini hərəkətin inzibati xəta olduğunu izah etmişlər. Şəxs nizamintizama dəvət etməsinə baxmayaraq o, daha da aqressivləşərək polisin ünvanına qeyrietik ifadələr işlətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, 01 avqust 2024-cü il tarixdə, saat 11:00 radələrində barəsində araşdırma materialı ilə əlaqədar Astara RPŞ-yə dəvət olunmuşdur. Şöbənin inzibati binasının önündə özündən asılı olmayaraq əsəbləşib səs-küy etməyə başlamışdır. Həmin zaman polis əməkdaşları etdiyi hərəkətin inzibati xəta olmasını bildirərək onu nizam intizama dəvət etsələr də həmin vaxt əsəbi olduğundan onlara qarşı tabesizlik göstərmişdir. Daha sonra etdiyi hərəkətdən peşman olmuşdur. Bir daha bu kimi hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Astara RPŞ-nin İTB-nin sahə VMİE polis leytenatı X2 tərəfindən polis şöbəsinin rəisinə ünvanlanmış raportun məzmunundan görünür ki, Şəxs 01 avqust 2024-cü il tarixdə, saat 11:00 radələrində Astara RPŞ-nin inzibati binasının önündə polis əməkdaşlarına qarşı kobudluq etmiş, polis əməkdaşlarının onu nizam intizama dəvət etməsinə məhəl qoymayaraq qanunazidd əməllərinə davam etdiyinə görə şöbə rəhbərliyinə raportla müraciət olunmuşdur. Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. İş materiallarında olan inzibati qaydada tutma haqqında 01 avqust 2024-cü il tarixli 139 saylı protokoldan görünür ki, Şəxs 01 avqust 2024-cü il tarixdə saat 11:00-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, əməlindən peşiman olmasını, bir daha belə hallara yol verməyəcəyi barədə söz verməsini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar