Məhkəmə qərarları › İş №3(018)-699/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-699/2023

15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-699/2023 15.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi və Astara rayon İcra və probasiya şöbəsinin icra məmuru (probasiya üzrə) X2 iştirakı ilə, xx.xx.1973-cu ildə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Astara rayonu, Şahağacı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə Astara rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Astara rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 3(018)-388/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinib barəsində 180 (bir yüz səksən) saata ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməklə inzibati qaydada tənbeh edilmişdir. Lakin Şəxs ona təyin olunmuş ictimai işlər növündə inzibati tənbeh tədbirini çəkməkdən qəsdən boyun qaçırmışdır. Buna görə də Astara rayon İcra və probasiya şöbəsi tərəfindən baş vermiş idarəçilik qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan Şəxs izahatında göstərdi ki, Astara rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 3(018)-388/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 180 (bir yüz səksən) saatadək ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməklə inzibati qaydada tənbeh edilmişdir. Lakin Astara rayon İcra və probasiya şöbəsinə gəlməsi barədə bildirişi almadığına görə Astara rayon İcra və probasiya şöbəsinə gələ bilməmişdir. Ona təyin edilmiş 180 (bir yüz səksən) saatadək ictimai işlər növündə inzibati tənbehi çəkməyə razıdır Məhkəmə iclası zamanı Astara rayon İcra və Probasiya şöbəsinin icra məmuru (probasiya üzrə) X3 məhkəmə iclasında göstərdi ki, Şəxs Astara rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 3(018)-388/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinib barəsində 180 (bir yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməklə inzibati qaydada tənbeh edilmişdir. Qərar icra olunması üçün icraatına daxil olduqdan sonra Şəxs ictimai işlər növündə cəzanı çəkmək üçün Astara rayon İcra və probasiya şöbəsinə gəlməsi üçün onun ünvanına bildiriş göndərilmiş, telefonla zəng edilmiş ancaq Şəxs Astara rayon İcra və probasiya şöbəsinə gəlməkdən imtina etmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, hesab edir ki, əməldə istinad olunan inzibati xəta tərkibi olmadığına görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında Şəxs göstərdi ki, ona təyin edilmiş 180 (bir yüz səksən) saat ictimai işlər növündə inzibati tənbehdən boyun qaçırtmır, ancaq ona məlumat verilmədiyinə görə Astara rayon İcra və Probasiya şöbəsinə gəlməmişdir. Məhkəmə iclasında aydın oldu ki, Şəxs Astara rayon İcra və Probasiya şöbəsinə gəlməsi barədə bildirişi almasına dair hər hansı bir sübut əlavə edilməmişdir. Belə ki, iş materiallarından olan Astara rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 3(018)-388/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinib barəsində 180 (bir yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən İctimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə üç ayadək müddətə inzibati həbs tətbiq olunur.Həmin maddənin qeyd hissəsinin 2-cı bəndində göstərilir ki,

2. Bu Məcəllənin 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə, aşağıdakılar başa düşülür: 2.1. üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; 2.2. həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; İş materiallarından görünür ki, Şəxs Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla, orada yaşayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 53, 115-117-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar