Məhkəmə qərarları › İş №3(018)-715/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-715/2025

01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-715/2025 01.10.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Astara rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Müdafiəçi Astara rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxxxx 1972-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən Astara rayonu, Artupa kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (Finkod xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Astara Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 01 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. 01 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokoldan görünür ki, Şəxs Astara Rayon Məhkəməsinin 2(018)-984/2025 saylı, 11 iyun 2025-ci il tarixli icra sənədinin icrasından yayınmaqla Zərərçəkmiş şəxs 2000 manat məbləğində aliment borcu və dövlət büdcəsinə 68 manat məbləğində dövlət rüsumu borcu vardır. Məhkəmə iclasında Astara rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, məhkəmə qətnaməsindən məlumatlı olmuşdur. Lakin, həmin qətnamədə qeyd olunan Məhəmməd və Əli adlı uşaqlar onun deyil, bu səbəbdən aliment ödəməmiş və bundan sonra da ödəməyəcəkdir. Məhkəmə iclasında müdafiəçi Astara rayon Vəkil Bürosunun vəkili X7 qərəzli yayınma olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə icra məmurunu, müdafiəçini və borclunu dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs heç bir üzrlü səbəb olmadan yuxarıda göstərilən icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə razılaşmamaqla aşkarcasına icraya mane olmuş, etinasızlıq göstərmişdir. Bununla da, o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Astara Rayon Məhkəməsinin 2(018)-984/2025 saylı, 11 iyun 2025-ci il tarixli icra sənədinin tələbinə əsasən 06 may 2025-ci il tarixindən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs Əbilhəsən oğlundan sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması, iddiaçı Zərərçəkmiş şəxs aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin iddia ərizəsinin verilməsinə görə 68 manat məbləğində dövlət rüsumunun cavabdeh Şəxs Əbilhəsən oğlundan tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Astara Rayon Məhkəməsinin 2(018)-984/2025 saylı, 11 iyun 2025-ci il tarixli icra sənədi üzrə iş üzrə icraat başlanılmışdır. Borclunun axtarılması haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, borclu, xx.xx.1972-ci il təvəllüdlü Astara rayonu, Artupa kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Şəxs verdiyi izahatından görünür ki, o, həmin izahatında icra sənədindən xəbərdar olmuş, lakin icra sənədi üzrə alimenti ödəməkdən imtina etdiyini göstərmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun,qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim,səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, müdafiəçinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmiş, buna laqeyd münasibət göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində, keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanın pul ödəməsi ilə əlaqədar olduğunu, pul ödənilməsi ilə bağlı icra sənədini icra etməyən şəxsə inzibati cərimə növündə tənbehin tətbiq edilməsinin lüzumsuz olduğunu və bu tənbehin tətbiqi ilə inzibati tənbehin məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Məhkəmə, Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə qənaətə gəlir ki, onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı 01 oktyabr 2025-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Astara Rayon Polis Şöbəsinə və Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar