Məhkəmə qərarları › İş №3(018)-721/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-721/2024

15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-721/2024 15.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Protokol tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakı ilə xx.xx.1982-ci il tarixdə Astara rayonu Kijəbə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Astara rayonu Maşxan kəndində qeydiyyatda olmaqla, Kijəbə qəsəbəsində yaşayan Şəxs barəsində Astara RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Astara RPŞ-nin inzibati binasının qarşısında polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq tabesizlik göstərmişdir. Məhkəmədə protokol tərtib edən şəxs X2 bildirdi ki, Şəxs barəsində aparılmış araşdırma materialı ilə bağlı Astara RPŞ-ya dəvət edilmiş, lakin Şəxs Astara RPŞ-nin inzibati binasının qarşısında polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, o, polisin qanuni tələbinə əməl edib. Məhkəmədə şahid X3 göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Astara RPŞnin CAB-nin əməliyyat müvəkkili Rauf Mənsurzadə ilə birlikdə barəsində olan araşdırma ilə əlaqədar RPŞ-nə dəvət etdikləri Şəxs və X4 polis şöbəsinin inzibati binasının önündə olarkən RPŞnə dəvət olunmalarına etiraz edərək uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə başladılar. Həmin zaman onlara etdikləri hərəkətlərin inzibati xəta olduğunu dəfələrlə izah etmələrinə baxmayaraq sonuncular onların qanuni tələblərinə tabe olmamışlar. Məhkəmə protokol tərtib edən şəxsi, şahidi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında işin sənədlərini tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal aşkar etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şərh edilənləri nəzərə alaraq, məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alır və onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 535.1, 48-51-ci, 114-cü və 128-130cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar