Məhkəmə qərarları › İş №3(018)-727/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-727/2025

07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-727/2025 07.10.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Astara rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1971-ci il tarixdə Astara rayonu Ərçivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (Finkod: xxxxxxx). Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Astara rayon Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 21 sentyabr 2025-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 07 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 10 sentyabr 2025-ci il tarixdə Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Astara RPŞ-nin İTB-nin sahə rəisi X6 izahatında bildirdi ki, 11 sentyabr 2025-ci il tarixdə saat 01:51 radələrində Astara rayonu Ərçivan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək həyat yoldaşı və valideynləri tərəfindən döyüdüyünü bildirmişdir. İş üzrə araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş və şəxsin əməlində inzibati xəta tərkibinin olması müəyyən edilmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək şəxs məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır, qızı ilə münasibətləri əvvəllər yaxşı olmuşdur. Sonradan Floranın onlara və ailəsinə münasibəti pisləşmişdir. Tez-tez öz ailəsi ilə mübahisə edərək yaşadığı evdən çıxmışdır. Uzun sürən yalvarışlardan sonra geri qayıtmışdır. Qızı öz ərini saymır, ona əri kimi hörmət etmir. xx.xx.2025-ci il tarixdə arvadı Nazifə Əliyeva ilə qızı Floranın evinə getmişdir. Həmin vaxt qızının əri Ramid Qədimovu da oraya çağırmışdır. Aravdı Nazifə ilə qızı Flora arasında mübahisə baş verdi. O, mübahisəni sakitləşdirərək oturub söhbət edən zaman qızı Floraya videogörüntülü zəng gəldi. O, həmin zəngi qəbul edərkən zəng edənin tanımadığı bir cavan oğlan olduğunu görmüşdür. O, Floradan zəng edənin kim olduğunu soruşmuş, Flora onlara cavab verməmişdir. Bundan sonra əsəbləşərək Floranın sifət nahiyyəsinə sillə zərəbəsi vurmuşdur. Məhkəmə iclasında izahat vermiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Ramid Qədimovla ailəlidir və 2 azyaşlı uşaqları vardır. O boşanma ərəfəsindədir. xx.xx.2025-ci il tarixdə saat 10-11 radələrində yaşadığı evə əri, anası və atası gəlmişdir. Gəlməkdə məqsədləri onu əri ilə barışdırmaq olmuşdur. Evə daxil olduqda atası Yədulla ayaqqabısını belə çıxarmadan üzərinə hücum edərək onu nalayiq ifadələrlə təhqir edərək sifət nahiyyəsinə sillə zərbəsi vurmuşdur. xx.xx.2025-ci il tarixdə yenidən əri, anası və atası onun yaşadığı evə gəlmişlər. O, anası ilə mətbəxdə söhbət edərkən anası ona “niyə ərinə dözmədiyini, onları niyə təhqir etdiyini” dediyi zaman atası mətbəxə gələrək onu nalayiq ifadələrlə təhqir etməyə başladı. Həmin zaman atası Şəxs baş nahiyyəsinə sillə və yumruq zərbəsi, qarın boşluğuna və burnuna yumruq zərbəsi vuraraq onu divara çırpmışdır. Hazırda Şəxs şikayətçidir və onunla barışmır. Qeyd olunanları nəzərə alaraq şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 21 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Şəxs, X1 və X4 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə tədbir görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Astara RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 canlı şəxsin ekspertizasının 11 sentyabr 2025-ci il tarixli, 256 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində - sağ gözaltı, alın, sol bazu nahiyyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir Astara rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 tərəfindən tərtib edilmiş 07 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 sentyabr 2025-ci il tarixdə Zərərçəkmiş şəxs döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin izahatı, iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X5” X9 canlı şəxsin ekspertizasının rəyi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Şəxsnın özünü təqsirli bilməyərək, zərərçəkmişi döyməməsini iddia etməsi isə məhkəmə tərəfindən şəxsin özününmüdafiə etməsi kimi qiymətləndirilir və əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halların, məsuliyyəti ağırlaşdıran halların olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edildiyi halda inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar