Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-729/2023 23.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Protokol tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Astara rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi : Şəxs 10-11 avqust 2023-cü il tarixlərdə ictimai işlərin yerinə yetirilməli olduğu yerlərə çıxmamışdır. Məhkəmədə protokolu tərtib edən şəxs X2 oğlu məhkəmədə bildirdi ki, Şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(018)-219/2023 saylı qərarına əsasən 200 saat ictimai işlər cəzası ilə inzibati qaydada tənbeh edilmişdir. Lakin Şəxs 10-11 avqust 2023-cü il tarixlərdə ictimai işlərin yerinə yetirilməli olduğu yerlərə çıxmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs məhkəmədə bildirdi ki, Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(018)-219/2023 saylı icra sənədinə əsasən 200 (iki yüz) saat ictimai işlər növündə inzibati qaydada tənbeh edilmişdir. Xəstə olduğundan ictimai işləri yerinə yetirdiyi yerdə iki dəfə 10 və 11 avqust tarixlərində olmamışdır. Lakin bu barədə heç kimə məlumat verməmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir. İş sənədlərində olan Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(018)-219/2023 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 200 (iki yüz) saat ictimai işlər növündə inzibati qaydada tənbeh edilmişdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs ünvan 1-da yaşayır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə-üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd:
1. Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur.
2. Bu Məcəllənin 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə, aşağıdakılar başa düşülür: 2.1. üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; 2.2. həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; 2.2-1. elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmək, onu zədələmək və ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməmək; 2.3. ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində ictimai işlər növündə inzibati tənbeh tədbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4,109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı :
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 25 (iyirmi beş) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 23 avqust 2023-cü il saat 14:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlqar Məmmədov