Məhkəmə qərarları › İş №3(018)-74/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-74/2023

27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-74/2023 27.01.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, barəsində inzibati icraat aparılan Şəxs və Astara rayon İcra və probasiya şöbəsinin icra məmuru (probasiya üzrə) X1 iştirakı ilə, xx xxxx 1981-ci ildə Astara rayonu, Kijəbə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Astara rayonu, Siyaku kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə Astara rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Astara rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 3(018)-845/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinib barəsində 160 (yüz altmış) saatadək ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməklə inzibati qaydada tənbeh edilmişdir. Lakin Şəxs ona təyin olunmuş ictimai işlər növündə inzibati tənbeh tədbirini çəkməkdən qəsdən boyun qaçırmışdır. Buna görə də Astara rayon İcra və probasiya şöbəsi tərəfindən baş vermiş idarəçilik qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan Şəxs izahatında göstərdi ki, Astara rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 3(018)-845/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinib barəsində 160 (yüz altmış) saatadək ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməklə inzibati qaydada tənbeh edilmişdir. Lakin səhhətində olan problemlə əlaqədar ictimai işləri yerinə yetirə bilmir. Məhkəmə iclası zamanı Astara rayon İcra və probasiya şöbəsinin icra məmuru (probasiya üzrə) X3 məhkəmə iclasında göstərdi ki, Şəxs Astara rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 3(018)-845/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinib barəsində 160 (yüz altmış) saatadək ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməklə inzibati qaydada tənbeh edilmişdir. Qərar icra olunması üçün icraatına daxil olduqdan sonra Şəxs ictimai işlər növündə cəzanı çəkmək üçün yaşayış yeri üzrə Astara rayon İcra Hakimiyyəti başçısının Siyaku kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən İcra Şöbəsinə bildirilmişdir ki, Şəxs ilk əvvəllər ictimai işlər tənbehini icra etmiş sonradan isə yayınmışdır. Şəxs hazırda qəsdən qərarın icrasından boyun qaçırmışdır. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb hesab edir ki, Şəxsnun əməlində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsinin tərkibi vardır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar yoxdur. Odur ki, o, təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Belə ki, iş materiallarından olan Astara rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 3(018)-845/2022 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsi ilə təqsirli bilinib barəsində 160 (yüz altmış) saatadək ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən İctimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilir ki, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materiallarından görünür ki, Şəxs himayəsində 14 yaşına çatmamış (xx.xx.2009-cu il təvəllüdlü) övladı vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, təqsirinin dərəcəsini, onun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin tətbiq edilə bilməyəcəyini nəzərə alıb Azərbaycan Respublikası İXM-nin 34-1-ci maddəsini təbiq etməklə cərimə tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Məhkəmə QƏRARA ALDİ: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsi tətbiq edilməklə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar