Məhkəmə qərarları › İş №3(018)-745/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-745/2025

24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-745/2025 24.10.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X2 şikayət ilə məhkəməyə müraciət edərək, barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli qərar əsassız olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 10:21 radələrində X3 məxsus 10SP278 qeydiyyat nişanlı Mersedes Benz 300 minik markalı avtomaşınla Ələt-Astara yolunun 174-kmdə Masallı postunda saxlanılmışdır. Polis əməkdaşlarından səbəbini soruşduqda heç bir söz deməmiş, bu barədə aralarında narazılıq olmuşdur. Sonradan Masallı postunun əməkdaşı bildirmişdir ki, guya o idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanın görünüşünü çətinləşdirən örtükdən (kağız vərəqindən) istifadə etmişdir. O onunla razılaşmamış, qəti etiraz etmişdir və bildirmişdir ki, heç bir ağıllı insan gündüz-günorta çağı idarə etdiyi avtomaşının dövlət qeydiyyat nişanının görüntüsünü çətinləşdirən örtük yapışdırmaz. Beləliklə heç bir günahı olmadan əsassız olaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və cərimə olunmuşdur. Hesab edir ki, barəsində əsassız və qanunsuz qərar qəbul edilmişdir. O hər hansı inzibati qaydada hüquq normasını pozmamışdır. Heç bir sübut olmadan əsassız cərimə olunmuşdur. əfsuslar olsun ki, inzibati xəta törətməkdə heç bir təqsiri olmasına baxmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsilə təqsirli bilinib 500 manat miqdarında cərimə olunmuşdur. Məhkəmə iclasında X2 şikayətində göstərdiklərini təsdiq edərək, barəsində olan xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq DİN-nin BDYPİ-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X2 “Mersedes Benz 300” minik markalı, 10-SP 278 qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara yolunun 174 –km də Masallı postunda saxlanılmış və barəsində İXM-nin 342.9-cu maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən inzibati xəta hadisəsinin törədilməsi barədə protokoldan xəta törətmiş şəxsə şikayət vermək hüququ nəzərdə tutulmamış, həmin protokol əsasında qəbul edilmiş qərardan şikayət etmək hüququ verilmişdir. Bundan başqa İXM-nin 342.9-cu maddəsi məhkəmənin səlahiyyətinə aiddir və həmin xətanın törədilməsinə görə inzibati tənbeh tədbiri inzibati xətanın törədildiyi ərazi vahidi üzrə məhkəmə tərəfindən baxılmalı, bu barədə qərar qəbul edilməli, yekun məhkəmə qərarından narazı qalan tərəfin isə şikayət vermək hüququ vardır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan X2 tərəfindən verilmiş şikayəti geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 52, 118 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan vermiş olduğu şikayəti geri qaytarılsın. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar